Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işinin bəzi detalları məlum olub.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İbtidai istintaq orqanı tərəfindən qəsdən adam öldürməkdə ittiham olunan gənc isə məhkəmədə atasını öldürmək niyyətinin olmadığını, məqsədinin anasını və bacısını onun hücumundan qorumaq və əlindəki bıçağı almaq olduğunu bildirib.
İttihama görə, hadisə 2025-ci ilin dekabrın 11-də saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində baş verib.
Belə ki, həmin gün 2006-cı il təvəllüdlü Ayxan Vəlizadənin atası İftixar Vəlizadə qızı Ləmanın dərsdən qayıdarkən yolda bir oğlanla birlikdə olduğunu bəhanə edərək ona qarşı zorakılıq göstərib. Daha sonra mətbəxdən bıçaq götürərək qızına xəsarət yetirməyə çalışıb. Bu zaman anası Səadət müdaxilə edərək qızını qorumağa çalışıb və özü də xəsarət alıb.
Atasının aqressiv hərəkətlərinin qarşısını almağa çalışan Ayxan onunla əlbəyaxa olub və əlindəki bıçağı alaraq zərərsizləşdirib. Lakin atasının davranışlarını davam etdirməsindən hiddətlənən gənc qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib.
Məlumata görə, Ayxan mətbəx bıçağı ilə atasının bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib. Nəticədə mərhumun döş qəfəsinin sol yarısının ön səthində, sifətinin sol yarısında, sol saidində və sağ budunda dörd kəsilmiş yara, eləcə də ürəyini və sol ağciyərini zədələyən, sol döş boşluğuna nüfuz edən üç deşilmiş-kəsilmiş yara əmələ gəlib. Sonuncu xəsarətlər sol tərəfli hemotoraksla — döş boşluğunda qanın toplanması ilə müşayiət olunub.
İstintaq orqanı həmin xəsarətləri qəsdən adam öldürmə ilə nəticələnən əməllər kimi qiymətləndirərək Ayxana Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham verib və cinayət işini baxılması üçün məhkəməyə göndərib.
Məhkəmədə Ayxan elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, atasını qəsdən öldürmədiyini, hadisə zamanı anasını və bacısını qorumaq, atasının əlindəki bıçağı almaq istədiyini deyib.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, o, ailənin ilk övladı olub. Ondan başqa üç bacısı və bir qardaşı var. Hadisə baş verən zaman Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Sağlamlıq və menecment fakültəsinin birinci kursunda təhsil alıb, subay olub və işləməyib.
Ayxan atasının uzun illər ərzində spirtli içki qəbul etdiyini, əvvəllər narkotik vasitələrdən istifadə etdiyini, aqressiv və qısqanc xarakterə malik olduğunu söyləyib. Onun sözlərinə görə, İftixar Vəlizadə uşaqlıq illərindən etibarən ailədə müxtəlif səbəblərdən mübahisələr yaradıb, anasına, özünə və digər ailə üzvlərinə qarşı fiziki zorakılıq göstərib, onları təhqir edib.
Təqsirləndirilən şəxs bildirib ki, ailə üzvləri atası evdə olduğu zaman daim psixoloji gərginlik içində yaşayıblar. İftixar Vəlizadə bəzən qonaqların və digər şəxslərin yanında da ailə üzvlərinə qarşı təhqiramiz davranıb. Anası dəfələrlə uşaqları götürərək öz valideynlərinin evinə getsə də, atası onları ölümlə hədələyərək geri qaytarıb və boşanmasına mane olub.
Ayxan son dövrlərdə atasının aqressivliyinin daha da artdığını, anasını xəyanətdə, bacısını isə əxlaqsızlıqda ittiham etdiyini deyib. O, İftixar Vəlizadəni sakitləşdirməyə çalışdığı zaman özünün də təhqir və zorakılığa məruz qaldığını vurğulayıb.
Ayxanın ifadəsinə əsasən, hadisə günü saat 19 radələrində dərsdən evə qayıdanda evdə atası, anası və böyük bacısı Ləman olub. Digər bacıları və qardaşı xalasının evində, nənəsi isə onları gətirmək üçün evdən kənarda olub.
Təqsirləndirilən şəxs bildirib ki, evə gəldikdən sonra atasının yenidən mübahisə yaratdığını görsə də, söhbətə qarışmayaraq otağına keçib. Bir müddət sonra, təxminən saat 20:30-da İftixar Vəlizadənin yenidən qışqırdığını eşidib.
Atası Ləmanı metronun “Azadlıq” stansiyasının yaxınlığında bir oğlanla görüşməkdə ittiham edib. Ləman həmin şəxsin kurs yoldaşı olduğunu və birlikdə metroya qədər getdiklərini izah etsə də, İftixar Vəlizadə buna inanmayıb.
Ayxan ifadəsində atasının eyvanda olan qırıq taxta parçasını götürərək bacısının saçından tutduğunu, onu yerə yıxaraq baş nahiyəsinə iki dəfə zərbə endirdiyini söyləyib. Anası müdaxilə etdikdə isə İftixar Vəlizadə onu da təhqir edib.
Təqsirləndirilən şəxsin bildirdiyinə görə, atası daha sonra bacısının saçından tutaraq onu mətbəxə sürüyüb, öldürəcəyi ilə hədələyib və bıçaq götürüb. Anası bıçağı əlindən almağa çalışarkən xəsarət alıb.
Ayxan həmin vaxt anasının əlindən qan axdığını, bacısının yerdə olduğunu və İftixar Vəlizadənin son dərəcə aqressiv davrandığını gördüyünü bildirib. Buna görə atasının üzərinə atılaraq onu saxlamağa və bıçağı əlindən almağa çalışıb. İftixar Vəlizadə müqavimət göstərərək onu döyüb və bıçağı Ayxana tərəf yönəldərək ailə üzvlərinin hamısını öldürəcəyi ilə hədələyib. O, atasının bıçaq olan əlindən tutaraq digər əli ilə bacısını xilas etməyə çalışıb.
Ayxan hadisənin sonrakı hissəsini xatırlamadığını, həmin an özünü itirdiyini və yaddaşında boşluq yarandığını söyləyib. Özünə gələndə əlində bıçaq olduğunu və ətrafın qan içində qaldığını gördüyünü bildirib.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, atası həyətdə yıxılmış vəziyyətdə olub. O, İftixar Vəlizadəyə kömək etməyə, qanaxmanı dayandırmağa çalışıb. Lakin bir müddət sonra atasının xırıltısı kəsilib və o, baş verənləri dərk edərək İftixar Vəlizadəyə bıçaqla xəsarətlər yetirdiyini anlayıb.
Ayxan hadisədən dərhal sonra 102 və 103 xidmətlərinə zəng edərək baş verənlər barədə məlumat verdiyini, həmçinin polisə təslim olmağa hazır olduğunu bildirdiyini deyib. O, İftixar Vəlizadəyə hansı vəziyyətdə və neçə zərbə endirdiyini xatırlamadığını söyləyib.
Təqsirləndirilən şəxs hadisə zamanı sol əlinin də kəsildiyini, lakin bu xəsarəti necə aldığını xatırlamadığını qeyd edib. Onun ehtimalına görə, həmin xəsarəti bıçağı atasının əlindən almağa çalışarkən baş verən mübarizə zamanı alıb. Anasının barmaqlarının da bıçağın kəsici hissəsindən xəsarət aldığını, atasının isə bacısına taxta parçası ilə başından zərbə endirdiyini bildirib.
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi, İftixar Vəlizadənin atası Umud Vəliyev dindirilərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləyib.
O bildirib ki, oğlu qısqanc xarakterə malik olub və ailədə tez-tez mübahisələr yaradıb. Sonralar yaranan borclar səbəbindən daha da əsəbi və aqressiv davranmağa başlayıb, çox vaxt evə sərxoş gəlib. Hüquqi varisin sözlərinə görə, mübahisələr uşaqların gözü qarşısında baş verib, oğlu həyat yoldaşını və uşaqlarını döyüb, təhqir edib.
Hüquqi varis ifadəsində ailənin 2014-cü ildə Tacikistan Respublikasının Xucənd şəhərinə köçdüyünü söyləyib. Onun sözlərinə görə, İftixar Vəlizadə burada şərikləri ilə vafli istehsalı biznesi qurub. Lakin 2020-ci ildə pandemiya ilə əlaqədar biznesi çöküb, ailə isə 2022-ci ildə Azərbaycana qayıdıb. Biznesin müflis olması və yaranan borclar İftixarın aqressiv davranışlarını daha da artırıb.
Umud Vəliyev hadisə günü işdə olduğunu, qardaşı oğlunun ona zəng edərək İftixarın vəziyyətinin ağır olduğunu bildirdiyini söyləyib. Evə qayıdanda həyətdə polis əməkdaşlarını görüb və hadisənin təfərrüatlarını öyrənib.
Hüquqi varis bildirib ki, oğlunun ölümü ilə bağlı Ayxana qarşı heç bir şikayəti və tələbi yoxdur, nəvəsini bağışlayır və ona yüngül cəza verilməsini xahiş edir.
Məhkəmədə verilən sualları cavablandıran Umud Vəliyev oğlu İftixarın ailəsi ilə tez-tez mübahisə etdiyini, həyat yoldaşını və uşaqlarını döyüb təhqir etdiyini əlavə edib. Ailədə problemləri əsasən İftixar yaradıb. Ayxanın isə anasına, bacı-qardaşlarına münasibəti yaxşı olub və o, əvvəlcədən atasını öldürəcəyi barədə heç nə deməyib.
Umud Vəliyev qeyd edib ki, eşitdiklərinə əsasən, hadisə zamanı İftixarın əlində bıçaq olub və oğlu həmin bıçaqla həyat yoldaşının əlini kəsib. Bu zaman gəlininin paltarının qan içində olduğunu gördüyünü bildirib. Onun sözlərinə görə, Ayxan atasının anasını bıçaqladığını düşünüb və bundan sonra bıçağı İftixarın əlindən alaraq ona xəsarət yetirib.
Məhkəmədə şahid qismində dindirilən mərhumun anası Teranaz Vəliyeva da ərinin ifadəsinə oxşar məzmunlu ifadə verib. O bildirib ki, hadisə günü nəvələrini evə gətirmək üçün gəlininin bacısının evinə gedib. Axşam saatlarında gəlini Səadət ona zəng edərək Ayxanın atası İftixarı bıçaqladığını və evə tez gəlməsini istəyib.
Şahidin sözlərinə görə, evə qayıdanda oğlunu həyətdə yerdə uzanmış vəziyyətdə görüb. Ayxan həmin vaxt atasının qanaxmasını dayandırmaq üçün yarasına təzyiq göstərirmiş. Ətrafın qan içində olduğunu görən Teranaz Vəliyeva oğluna toxunduqda onun artıq vəfat etdiyini anlayıb.
Məhkəmənin hökmü ilə Ayxan Vəlizadə Cinayət Məcəlləsinin 123.1-ci (Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
