“Bağır dəyənəklə başıma dalbadal zərbələr endirirdi…”backend

“Bağır dəyənəklə başıma dalbadal zərbələr endirirdi...”

Bakıda iki qardaş özəl şirkətə məxsus olduğu deyilən zeytun bağlarında zeytun yığarkən şirkətin məsul şəxsləri ilə dava baş verib. Şirkətin sahə rəisi əlində dəyənək onlara hücum edib və qardaşlardan birini amansızlıqla döyməyə başlayıb. Döyülən şəxs isə dəyənəyi əlindən alaraq onun özünə zərbə endirib. Bu zərbə sahə rəisi üçün ölümcül xəsarətə səbəb olub.

KONKRET.az xəbər verir ki, hadisə 2019-cu ilin payızında  Xətai rayonu, Zığ şossesindəki «Zeytunluq» kimi tanınan,  «Abşeron Zeytun» MMC-yə məxsus zeytun bağlarında baş verib. İndi qardaşlar-Bakı şəhər sakinləri, 31 yaşlı Kənan Ağayev və qardaşı, 32 yaşlı Ramil Ağayev müttəhimlər kürsüsündədir və özlərini özəl şirkətin onlara dəyənəklə hücum edən işçisindən qorumağa çalışdıqlarını deyirlər. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır. Qardaşlardan Kənan qətldə, Ramil isə xuliqanlıqda ittiham olunur.

Piriyevlərin zeytun bağında: “Zeytunluq” doğrudanmı özəl mülkiyyətdir?

İstintaq materiallarına əsasən bu qardaşlar “Abşeron Zeytun” MMC-yə məxsus zeytun bağında zeytun yığarkən həmin şirkətin  sahə rəisi Bağır Piriyev və mühasib Filman Piriyevlə mübahisə ediblər. Qardaşlara ərazinin özəl şirkətin qorunan ərazisi olduğu, burada zeytun yığmağın qadağan edildiyi bildirilsə də, onlar deyilənlərə əhəmiyyət verməyiblər, ərazini tərk etməyəcəklərini deyiblər. Nəticədə tərəflər arasında yaranan münaqişə sonda faciəyə səbəb olub. Dava – dalaş zamanı ağır dərəcəli bədən xəsarəti alan 51 yaşlı Bağır Piriyev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Törətdikləri cinayət əməlinə görə Ağayev qardaşlarının barəsində Xətai rayon məhkəməsi tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirirlən Kənan Ağayev ona elan olunmuş itiihamla özünü təqsirli bilməyib. O, ifadəsində hadisə baş verən gün qardaşı ilə birgə Zığ şossesindəki zeytunluqdan öz ehtiyacları üçün zeytun yığdıqlarını deyib: “Orxan adlı tanışımdan xahiş etdim ki, bizi oraya aparsın. Orxan Niftullayev bizi düşürüb özü maşında gözlədi, qardaşımla mən bağa girdik”.

“Ərazidə nə hasar vardı, nə hansısa qadağa nişanı…”

K.Ağayevin ifadəsinə görə, ərazidə hasar və ya hansısa qadağa nişanı olmadığından zeytun yığmağın qadağan olunub-olunmadığını bilməyiblər. Yenicə zeytun yığmağa başlayıblar ki, bir nəfər onlara yaxınlaşıb, zeytun yığmağa icazə verilmədiyini  deyib: “Soruşduq ki, bəs haradan yığa bilərik. Bir qədər aşağı sahədən yığmağı məsləhət gördü. Biz də bağın aşağısına endik. Elə bu vaxt sonradan adını bildiyim Filman adlı bir nəfər gəlib, zeytun yığmağımıza iradını bildirdi, buranın işçisi olduğunu dedi, kiməsə zəng vurdu”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Filmanın zəngindən sonra əraziyə əlində ağac dəyənək olan sahə rəisi Bağır Piriyev gəlib. O, qanunsuz zeytun yığanların ünvanına söyüş söydükdə K.Ağayev sahə rəisinə “ağsaqqal adamsan, söyüş söymə” deyib. Sahə rəisi isə onun boğazından yapışıb.

Bağır dəyənəklə dalbadal zərbələr endirir

“Qardaşım Ramillə Filman bizdən bir az aralıda tutaşmışdılar. Bağır əlindəki ağac dəyənəklə mənə zərbələr endirdi. Əllərimlə başımı tutmuşdum ki, zərbə başıma dəyməsin. Dəyənəyi Bağırın əlindən aldım. Özümü müdafiə etmək üçün üçün ona sarı bir neçə dəfə yellədim. Bağır başını aşağı əyib üstümə gəldi. Dəyənəyi yerə atdım, yerdə süpürüləşdik. Bağırla oraya gələn yaşlı kişi bizi tutub ayağa qaldırdı. Mən də, Bağır da kənara kənara çəkildik. Filmanla qardaşım da aralaşdıqdan sonra daha heç kim dalaşmırdı”,-təqsirləndirilən deyir.

Zeytunluqdakı dava-dalaşdan sonra K.Ağayev atasına zəng vuraraq hadisə barədə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları onları polis bölməsinə aparıblar. Sahə rəisi Bağır Piriyev də qardaşlarla birgə polisə aparılıb. Polis bölməsində B.Piriyevin vəziyyəti ağırlaşıb. Bölməyə təcili yardım çağırıblar. Zərərçəkmiş xəstəxanaya aparılıb.

“Mən özümü müdafiə etməyə çalışmışam…”

“Bağır təcili yardım maşınına özü mindi, onu xəstəxanaya apardılar. Sonradan xəstəxanada Bağırın öldüyünü eşitdim.  Hadisə zamanı Bağırın əlindən aldığım dəyənəyi özümü müdafiə etmək üçün yelləmişəm. Ola bilsin həmin vaxt taxta dəyənək Bağıra dəyib. Mən onu qəsdən vurmamışam. Öldürmək niyyətim də olmayıb. Qardaşım Ramil isə ümumiyyətlə Bağırı vurmayıb”- təqsirləndirilən şəxs ifadəsində deyib.

Xuliqanlıqda təqsirləndirilən Ramil Ağayev də özünü təqsirli bilməyib. Anoloji ifadə verən R.Ağayev onları bağdan qovan zaman “biz buraya davaya gəlməmişik, zeytun yığmağa gəlmişik” deyib: “Qardaşım yerdə uzanmışdı, Bağır onu döyürdü. Bağırı qardaşımdan ayırıb kənara itələdim. Oradan getmək istəyirdik, Filmanla Bağır arxamızca gəldilər. Filman məni vurdu, yenidən dava düşdü. Nə mən Bağırı, nə də Bağır  məni vurmayıb”.

“Zəhmət olmasa” deyib, yoxsa dəyənəyi işə salıb?

Zərərçəkmiş Filman Piriyev ifadəsində “Gilan Orchars” şirkətinin tabeçiliyində olan “Abşeron Zeytun” MMC-də mühasib işlədiyini, hadisə baş verən ərazinin də “Abşeron Zeytun” MMC-nin tərkib hissəsi olduğunu deyib: “Zeytun yığımı mövsümü başlayanda şirkətin bütün işçiləri yığıma cəlb olunur. Sentyabrın 28-dən etibarən zeytun yığımı başlamışdı. Əraziyə nəzarətçi kimi cəlb olunmuşdum. Hadisə baş verən gün əraziyə nəzarət edəndə gördüm ki, “Hyundai” markalı maşın dayanıb, zeytun yığırlar. Onlara dedim ki, bura özəl ərazidir, zeytun yığmağa icazə yoxdur”.

Zərərçəkmişin ifadəsinə görə, zeytun yığanlara iradını bildirəndə Ramil adlı oğlan ona “get işinlə məşğul ol” deyib, Orxan Niftullayev isə daha da irəli gedərək, canlı yayım açıb onları tutduracağı ilə hədələyib. O, da öz növbəsində “Abşeron Zeytun” MMC-nin müdiri olan atası Bəhruz Piriyevə zəng vurub bu barədə məlumat verib, əraziyə polis göndərməsini istəyib. Əgər həmin vaxt əraziyə polis çağırılsaydı, baş verəcək faciənin qarşısını almaq mümkün olardı: “Bir neçə dəqiqə sonra həmin sahənin rəisi işləyən əmim Bağırla birgə Fərhad adlı fəhlə də gəldilər. Fərhad “zəhmət olmasa yığdığınız zeytunu da verin, buradan uzaqlaşın” dedi və əmimlə birgə zeytunları onlardan götürmək istədi. Ramil əmimin qarşısında dayanıb dedi ki, vermirəm zeytunu, get kimə istəyirsən de”.

Yenidən atası ilə telefon əlaqəsi saxlayan F.Piriyev əraziyə polis göndərməsini istəyib. Geri çevriləndə Kənan və Ramil qardaşlarının əmisi Bağırı vurduqlarını, Fərhadın isə onları ayırmağa çalışdığını görüb. F.Piriyev telefonu bir kənara ataraq al-qan içərisində olan əmisinin köməyinə qaçıb. Hadisə yerinə gələn polis əməkdaşları onları bölməyə aparan zaman təcili yardıma zəng vurublar. Qolundan xəsarət alan F.Piriyev polis bölməsində özünü pis hiss etdiyindən xəstəxanaya aparılıb, orada qoluna gips qoyulub. Həmin vaxt əmisinin aldığı xəsarətlərdən öldüyünü eşidib…

Məhkəmə prosesi davam edir.

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*