Bakı İrəvanla nədə razılaşa bilmir? – “Üzr istəməlidirlər! Bunu unutmalıyıq?!”backend

Bakı İrəvanla nədə razılaşa bilmir? - “Üzr istəməlidirlər! Bunu unutmalıyıq?!”

“Nikol Paşinyanın söylədiyi 3 razılaşdırılmış prinsipdən fərqli olaraq, hazırda Ermənistan və Azərbaycan arasında hələ də bir çox həll olunmamış məsələlər qalır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Xatırladaq ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib ki, Azərbaycan kommunikasiyaların bərpa edilməsini, sərhədlərin təyin olunması və tərəflərin bir-birinin ərazi bütövlüyünün tanınması ilə bağlı olan öhdəliklərə dair razılığa gəlib. Oxşar bəyanatla Azərbaycan XİN çıxış edib.

T. Zülfüqarov isə qeyd edib ki, Ermənistan və onun havadarları Azərbaycana qarşı yalan və böhtan kampaniyası dayandırılmalıdır:

“İlk növbədə, təzminat mövzusu öz həllini tapmalıdır. Təbii ki, kommunikasiyaları açılması və Zəngəzur dəhlizi bu sıraya daxildir. Çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasına gediş-gəlişlər xüsusi şərtlərlə nizamlanmalıdır”.

Müsahibimiz əmindir ki, bu məsələlər həllini tapmayana qədər Azərbaycan tərəfi qismən olsa belə, hansısa formal məsələlərin sülh sazişində əks olunmasına razılıq verəcək:

“Əslinə qalsa, ərazi bütövlüyü və s. mövzular bu və ya digər şəkildə öz həllini tapıb. Bu baxımdan, Azərbaycan digər mövzuların da orada əks olunmasını istəyəcək.

Ermənistan daha çox maraqlıdır ki, sülh sazişinə nail olsun. Hazırkı mərhələdə İrəvan zəif nöqtələrini yaxşı başa düşür və istəyir ki, bunlardan sığortalansın.

O, Azərbaycana qarşı siyasətini davam etdirmək niyyəti güdür. Bəs onda Azərbaycan niyə öz xeyrinə olan kartları indi əlindən versin ki, sabah problemlərlə üzləşsin?!

Qısası, bu, uzunmüddətli bir mövzudur. Doğrusu, inanmıram ki, bu ilin axırına qədər sülh sazişi imzalansın”.

Həmsöhbətimiz qeyd edib ki, təzminat, hərbi cinayətlərdə ittiham olunanların məsuliyyətə cəlb olunması və s. də ciddi məsələlərdir:

“Siyasi məsuliyyətə gəldikdə bu da çox vacib mövzudur. Çünki Ermənistanın siyasi elitası siyasi məsuliyyətini dərk edib rəsmi olaraq Azərbaycandan üzr istəməlidir. Niyə onlara güzəştə getməliyik ki?! Bu qədər insan itirmişik, xalqımıza qarşı saysız cinayətlər törədilib, torpaqlarımız işğal olunub. Bunlar unudulmayıb! Kimlərinsə istəyi ilə bunu yaddan çıxarmalıyıq? Bu, qeyri-mümkündür!”

  • Rəfael
    Oktyabr 31, 2023 - 21:54

    Əla, çox gözəl məqamlar ortaya qoyulur. Sülh müqaviləsində bütün məsələlər tam ortaya qoyulmalıdır ki, erməni sonra sözünü dana bilməsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*