Bakının kirayə mənzil bazarı son dövrlərdə dinamik dəyişikliklərlə diqqət mərkəzinə çevrilib. Artan tələbat, mövsümi təsirlər və iqtisadi faktorlar bu sektorda qiymətlərin formalaşmasına təsir göstərir. Əsasən tələbələrin, işçilərin və şəhərə yeni köçənlərin marağı ilə bazarda aktivlik müşahidə olunur. Həmişə olduğu kimi, hazırda da paytaxtın kirayə bazarında müəyyən hərəkətlilik müşahidə edilir.
Maraqlıdır, bəs Bakıda ən çox tələb olunan kirayə mənzil növləri hansılardır? Ev alıb kirayə vermək istəyənlər hansı mənzillərə üstünlük versələr, daha asan gəlir əldə edə bilərlər?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev kirayə mənzil bazarı ilə bağlı sualları cavablandırıb. O, əsas tələbin hansı mənzillərə olduğuna belə aydınlıq gətirib:
“Ölkənin böyük şəhərlərində kirayə mənzillərə daim təlabat olub. Tələb bu cəhətdən daha çox Bakı şəhərinədir. Çünki ali təhsil müəssisələrinin böyük hissəsi, dövlət qurumları və digər qurumların əksəriyyəti paytaxtda yerləşdiyinə görə, həmçinin, bölgələrdən Bakıya kütləvi axın olduğundan kirayə mənzillərə burada daim tələbat olur. Xüsusən son illər, 2016-cı ildən başlayaraq, paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların söküntüsünə start verilib ki, bu səbəbdən də çox sayda köhnə çoxmənzilli yaşayış binaları və mərkəz ərazisində olan fərdi yaşayış evlərindən ibarət yaşayış massivləri sökülərək yeni tikili binalarla əvəzlənib. Hər hansısa bir ərazilər sökülən zaman həmin çoxmənzilli yaşayış binalarında və fərdi həyət evlərində olan kirayəlik mənzillər artıq kirayə mənzil bazarına çıxmış olur. Nəticə etibarilə, onların yerinə yeni tikili binalar inşa olunduqca, bu binalardakı mənzillərin aylıq icarə qiyməti köhnələrə nisbətən 2 dəfə daha yüksək olur. Əvvəlki evlərdə alıcılar kirayə vermək məqsədilə daha çox 1 və ya 2 otaqlı mənzil alırdılar. Lakin son illər pilot layihələr üzərindən sökülən mənzillərdə yaşayan sakinlər onlara yeni tikili binalardan mənzillər verilən günə qədər ortalama 2-3 il müddətini məcburi kirayə çıxmalı olurlar. Bu səbəbdən 3-4 otaqlı mənzillərin də kirayəsinə tələb artır”.
Ekspert onu da vurğulayıb ki, tələbat daha çox köhnə tikili binalaradır:
“Onların da aylıq kirayə qiymətləri yeni tikilən binalardan ucuz və kommunal xərclərinin minimal olması kirayə mənzillərlə bağlı tələbatın daha çox belə tipli mənzillərə olmasına şərait yaradır. Vətəndaşların böyük hissəsi yatırım məqsədilə köhnə tikili binalardan mənzillər alaraq onları aylıq kirayə verir. Daha sonra həmin binalar sökülən zaman onları yerində yeni tikili mənzillər verildikcə, onun satış qiyməti köhnəyə nisbətən 2 dəfə daha baha qiymətə təklif edilir. Bu da köhnə tikili binaların qiymətlərinin artmasına gətirib çıxarır”.