Milli Məclisin oktyabrın 16-da keçirilən iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa yaşayış məntəqələrinin adlarının müasir dövrün tələblərinə uyğunlaşdırılması təklifi ilə çıxış edib.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, millət vəkili müstəqil dövlətimizin mahiyyətinə cavab verməyən, sovet dövründən qalan bəzi yaşayış məntəqələrinin və küçələrin adlarının dəyişdirilməsinin vacibliyini vurğulayıb. Deputat bu məsələyə nümunə olaraq Sabunçu rayonu ərazisindəki “Sovxoz 2” və “Ramana Gülçülük sovxozu” kimi adları göstərib.
F.Mustafa bildirib ki, həmin adlar günümüzün reallıqlarını əks etdirmir və onların yenilənməsi məsələsinə daha operativ yanaşılmalıdır. Deputatın fikrincə, adların dəyişdirilməsi işinin kompleks şəkildə həyata keçirilməsi əlavə maddi vəsait xərclənmədən problemin köklü həllinə imkan verə bilər.
O, həmçinin Pirşağı ərazisinin tərkibində yerləşən və təxminən 15 min nəfərin yaşadığı məntəqənin adının da müstəqil Azərbaycanın dövlətçilik mahiyyətinə uyğun olaraq dəyişdirilməsinə diqqət yetirilməsini istəyib.
