Bakıda mənzil qiymətlərinin durmadan artması və paytaxtın əksər ərazilərində daşınmaz əmlakın əlçatanlığının azalması mənzil almaq istəyənlərin seçim imkanlarını məhdudlaşdırır. Bir vaxtlar münasib qiymətləri ilə seçilən yaşayış massivlərində belə mənzillərin dəyəri sürətlə yüksəlir.
Bəs yaxın gələcəkdə Bakının hansı ərazilərindən mənzil almaq daha sərfəli olacaq?
Bu barədə KONKRET.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, paytaxtın demək olar bütün istiqamətlərində qiymətlər yüksək səviyyədədir və ciddi bahalaşma müşahidə edilir.

Onun sözlərinə görə, bu il ölkədə iqtisadi artımın əvvəlki dövrlərlə müqayisədə daha məhdud səviyyədə qeydə alınması mənzil bazarında qiymətlərin nisbətən sabit qalmasına səbəb olub.
“Günü-gündən paytaxtda mənzilə əlçatanlıq azalır. Bütün ərazilərdə fantastik qiymət dəyişikliklərinin şahidiyik. Hesab edirəm ki, bəlkə də mənzil bazarı üçün bu il olduğu qədər əlverişli vəziyyətlə sonrakı dövrlərdə qarşılaşmayacağıq. Qiymətlər hazırda demək olar ki, sabitdir”.
Ekspert qeyd edib ki, əvvəllər daha münasib hesab olunan ərazilərdə də qiymətlər xeyli yüksəlib:
“Əhmədli, Həzi Aslanov, Yeni Yasamal kimi nisbətən kənar ərazilərdə belə mənzillərin bir kvadratmetrinin qiyməti artıq 2 min manatı ötüb. Bu ərazilərdə də 2 min manatdan aşağı qiymətə mənzil tapmaq çətindirsə, hansısa ərazinin digərlərindən daha əlverişli olduğunu demək mümkün deyil.
Qara Qarayev və Neftçilər kimi ərazilərdə də bir kvadratmetr mənzilin qiyməti 2500 manatdan yuxarıdır.
Bu da göstərir ki, bazardakı vəziyyət o qədər də ürəkaçan deyil və paytaxt üzrə qiymətlər yüksək səviyyədə qalmaqdadır”.
Ekspertin fikrincə, yaxın dövrdə qiymətlərin əhəmiyyətli dərəcədə ucuzlaşacağı gözlənilmir. Buna görə də mənzil almağı planlaşdıran şəxslər qərarlarını uzun müddət təxirə salmamalıdırlar.
Müşviq Tofiqoğlu
KONKRET.az
