Bakıda kişidən işdən gələn arvadına qarşı dəhşətli əməl – Təfərrüatbackend

Bakıda kişidən işdən gələn arvadına qarşı dəhşətli əməl – Təfərrüat

Bakıda arvadına xəsarət yetirməkdə ittiham olunan Masallı rayon sakini, 1974-cü il təvəllüdlü Adıgözəl Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az xəbər verir ki,  Adıgözəl Məhərrəmov Suraxanı rayonunda yaşadığı evdə sərxoş vəziyyətdə olduğu vaxt arvadı Gülayə Məhərrəmovanın bas nahiyəsinə vuraraq xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Adıgözəl Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adıgözəl Məhərrəmov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, zərərçəkmiş şəxs onun arvadıdır.

Adıgözəl Məhərrəmovun ifadəsinə görə, 1996-cı ildə ailə qurublar və birgə ailə münasibətlərindən 2 uşağı var: “Uşaqları yetkinlik yaşlarına çatıblar. Əvvəllər arvadımla ailə münasibətlərimiz normal olub. Lakin sonradan korlanıb. Hadisə baş verən günü yaşadığım evdə spirtli içki qəbul edirdim. Bu zaman arvadım evə gəldi.

Onun razılığım olmadan işə getməsinə əsəbiləşdim, ertəsi gün işə getməməsini tələb etdim. Lakin arvadım mənə cavab qaytararaq işə gedəcəyini bildirdi. Bu zəmində aramızda mübahisə yarandı. Onun baş nahiyəsinə bir neçə dəfə əllərimlə vurdum”.

Adıgözəl Məhərrəmov ifadəsinin sonunda törətdiyi əməlindən peşman olduğunu söyləyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Gülayə Məhərrəmova bildirib ki, əri Adıgözəl Məhərrəmovla ilə ailə münasibətləri əvvəllər yaxşı olub, lakin sonradan onun spirtli içkilərə qurşanması və evdə heç bir əsaslı səbəb olmadan münaqişələr yaratması səbəbindən korlanıb.

Gülayə Məhərrəmovanın ifadəsinə görə, hadisə baş verən günü saat 18 radələrində işdən evə qayıtdıqda Adıgözəl Məhərrəmov sərxoş vəziyyətdə divanda oturduğunu görüb: “Həmin vaxt mənimlə mübahisə etməyə başladı. Tələb etdi ki, ertəsi gündən etibarən işə getməyim. Bunun səbəbini soruşdum, aramızda mübahisə yarandı. Adıgözəl baş nahiyəmə dəfələrlə vuraraq mənə xəsarət yetirdi. Onun əlindən çıxaraq çölə qaçdım”.

Zərərçəkmiş deyib ki, Adıgözəl Məhərrəmov ilə ailə münasibətləri dözülməz həddə çatdığına görə onunla boşanmaq niyyətindədir. Buna baxmayaraq, təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilməsini istəmir.

Suraxanı rayon Məhkəməsinin hökmü ilə Adıgözəl Məhərrəmov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*