Bakıda tikilən çoxmərtəbəli binalarla bağlı MÜHÜM DETALLAR – Hansı risklər var?backend

Bakıda tikilən çoxmərtəbəli binalarla bağlı MÜHÜM DETALLAR - Hansı risklər var?

Son illər şəhərlərdə hündürmərtəbəli binaların sayının artması fonunda onların təhlükəsizliyi, xüsusilə də zəlzələyə davamlılığı məsələsi yenidən müzakirə mövzusuna çevrilib. İctimaiyyətdə tez-tez “binaların hündürlüyü artdıqca risk də çoxalırmı?” sualı səsləndirilir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, binanın təhlükəli və ya təhlükəsiz olması yalnız mərtəbə sayından asılı deyil.

Elnur Azadov: “Təəssüf ki, Azərbaycan xaricə daşınmaz əmlak yatırımı  sahəsində çox geridə qalır”

Onun sözlərinə görə, 9 və ya 16 mərtəbəli binaların riskli hesab olunması düzgün yanaşma deyil:

“SSRİ dövründə də Azərbaycanda 16 mərtəbəli binalar tikilirdi və ölkə seysmik zonada yerləşsə də bu layihələr xüsusi mühəndis hesablamaları əsasında hazırlanırdı. Binanın zəlzələyə davamlılığı əsasən layihənin keyfiyyətindən və konstruksiya həllərindən asılıdır. Mərtəbə sayı burada həlledici faktor deyil”.

Ekspert qeyd edib ki, tikinti texnologiyalarının inkişafı binaların daha təhlükəsiz inşa edilməsinə imkan yaradıb.

“Əvvəllər layihə institutlarının məhdud olması səbəbindən əsasən 2–3 mərtəbəli tikililər inşa olunurdu. Keçən əsrin ortalarından etibarən layihələndirmə sistemi inkişaf edib, xüsusilə Bakıda 5 mərtəbəli yaşayış binalarının tikintisi geniş yayılıb.

Daha sonrakı mərhələdə metal konstruksiyaların tətbiqi tikintidə yeni dövr açıb. 1970-ci illərdən monolit-karkas beton layihələr həyata keçirilməyə başlanıb, nəticədə 9 mərtəbəli binalar inşa olunub. 1980-ci illərin sonlarına doğru isə 16 mərtəbəli yaşayış binalarının tikintisi genişlənib”.

Elnur Azadovun sözlərinə görə, 2000-ci illərdən sonra Bakıda əhalinin artması və boş torpaq sahələrinin azalması daha hündür yaşayış binalarının tikintisini zəruri edib.

“Son 10–15 ildə isə tikinti şirkətləri artıq göydələn tipli layihələrə üstünlük verməyə başlayıblar.

2025-ci ildən etibarən Tikinti və Şəhərsalma Komitəsi tərəfindən yeni tələblər tətbiq olunub. Bu tələblər binaların istismar müddətinin artırılmasına yönəlib.

Yeni qaydalara əsasən, bina nə qədər hündür olarsa, onun layihələndirilməsi zamanı dayanıqlılıq və istismar müddəti daha uzun – təxminən 100 il olaraq nəzərdə tutulur. 2026-cı ildən sonra layihələndiriləcək hündürmərtəbəli binaların davamlılığı əvvəlkilərlə müqayisədə daha yüksək olacaq”, – deyə ekspert vurğulayıb.

Beləliklə, mütəxəssislər hesab edir ki, hündürlüyün özü deyil, layihələndirmə keyfiyyəti, istifadə olunan materiallar və mühəndis həlləri binaların təhlükəsizliyində əsas rol oynayır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*