Son dövrlər efirlərdə bəzən mədəniyyət və sənət nüfuzuna uyğun olmayan, bayağı və etik normalara zidd səhnələr müşahidə olunur. Bu səbəbdən telekanallar bəzi müğənnilərin və proqramların yayımlanmasına qadağa qoyub.
Məsələ xüsusilə gənc tamaşaçıların və ictimaiyyətin əxlaqi tələbləri baxımından ciddi müzakirələrə səbəb olub. Sənət və media mütəxəssisləri bu addımı bəzən müsbət qiymətləndirir, bəzən isə ifadə azadlığına müdaxilə kimi dəyərləndirirlər.
Qadağa efir mədəniyyətinin keyfiyyətinə və musiqi janrlarının inkişafına nə dərəcədə müsbət təsir göstərə bilər?
Bayağı müğənnilərə efir qadağası haqqında nə düşünürsünüz? Bu, yaradıcılıq azadlığına müdaxilədir, yoxsa zəruri addımdır?
Mövzu ilə bağlı KONKRET.az-ın sorğusuna cavab olaraq yazıçı Şərif Ağayar bildirib:

“Mən bütün hallarda sərt inzibati qərarların əleyhinəyəm. Bu, müalicə üsulu deyil. Problemin səbəbini tapmaq lazımdır. Bayağı verilişlərə ona görə çox baxırlar ki, Azərbaycan efirində həqiqəti eşidə bilmirlər. İnsanlar bu boşluğu əyləncəli verilişlərlə, yutuberlərin aşağı səviyyəli, söyüşlü, meyxanalı çəkilişləri ilə doldururlar”, — deyə Şərif Ağayar qeyd edib.
Yazıçının sözlərinə görə, Azərbaycan efirinin ən böyük problemi cəmiyyəti obyektiv əks etdirməməsi və alternativ, fərqli fikirlərə yer verməməsidir. Qalan hər şey kosmetik addımlardır. Tolikə qadağa qoyuldu, başqa “Tolik” çıxacaq və yenə ona baxacaqlar.
Məsələ ilə bağlı təklif irəli sürən yazıçı əlavə edib:
“İnzibati addımları faydalı iş üçün atmaq olar. Efirdə davamlı olaraq ədəbiyyat verilişləri, kitabı təbliğ edən proqramlar hazırlamaq mümkündür. Və bu verilişlərə tamaşaçı cəlb etməyin yolları barədə düşünə bilərik. Sovet dövründəki kimi 5-6 qocanı efirə çıxarıb kimisə tərifləməyə heç kim baxmayacaq.
Qadağa qoyulan aparıcıların məşhurluğundan faydalanmalıyıq. Toliki efirdən uzaqlaşdırmaqdansa, onun verilişinin və auditoriyasının bir qədər inkişaf etməsinə yönəlik addımlar atmalıyıq. Nə qədər paradoksal səslənsə də, tamaşaçı həqiqəti adekvat şəkildə Xoşqədəmin, Tolikin, Elgizin verilişlərində görür. Ona görə də həmin proqramlara tamaşaçı axını çoxdur. Çünki tamaşaçı orada daha çox səmimiyyəti və özünü görür”.
“”Səviyyə aşağıdır” məsələsinə gəldikdə isə, səviyyəni qaldırmaq üçün təhsildən tutmuş evdəki tərbiyəyə qədər çox ciddi işlər görülməlidir. Tolik nəticədir və ona qadağa qoymaqla heç nəyə nail ola bilmərik. Bədəndə bir yara var və biz onun üstünü örtüb gizlədirik. Əksinə, yaranı müalicə etmək lazımdır. Hətta onu sadəcə maz sürtməklə yox, bədənə müəyyən müdaxilələr etməklə elə bir şərait yaratmaq lazımdır ki, orqanizm özü o yaraya müqavimət göstərsin.
Biz zibili xalçanın altına süpürməklə məşğuluq”, — deyə Şərif Ağayar sonda vurğulayıb.
Dəniz Pənahova
KONKRET.az
