Bakıda yağ bahalaşdı: orada 50 faiz ucuz satılır – Səbəb nədir?backend

Bakıda yağ bahalaşdı: orada 50 faiz ucuz satılır – Səbəb nədir?

Azərbaycan xaricdən kərə yağı, günəbaxan və qarğıdalı yağı alışını artırıb. 2026-cı ilin 9 ayı ərzində xaricdən 113 milyon dollarlıq kərə yağı, 223 milyon dollarlıq bitki yağları alınıb. Ölkədə yağların qiyməti isə dayanmadan artır.

Azərbaycana yağ idxalının artması daxili bazarda qiymətlərə necə təsir edəcək? Yağ ucuzlaşa bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, Azərbaycanda ərzaq məhsullarının idxalından asılılıq və qiymət artımları uzun illər ərzində yığılıb qalmış iqtisadi problemlərin nəticəsidir:

“2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Kənd təsərrüfatı və iqtisadiyyat sahəsindəki idarəetməni nəticələr baxımından fəaliyyətsiz hesab edirəm. Çünki illərdir ölkənin yerli istehsal potensialının artırılması, fermerlərin problemlərinin həlli, emal sənayesinin inkişafı və idxaldan asılılığın azaldılması istiqamətində fundamental dəyişikliklərə ehtiyac var”.

İqtisadçının fikrincə, əgər ölkənin istehsal imkanları daxili tələbatı qarşılamaq üçün yetərli deyilsə və əhali ərzağı getdikcə daha baha alırsa, deməli, mövcud iqtisadi siyasətin nəticələri ciddi şəkildə qiymətləndirilməlidir:

“Yerli istehsalın inkişafı üçün fermerə torpaq ayırmaq kifayət etmir. Ona maliyyə, texnika, suvarma, keyfiyyətli toxum, emal və satış imkanları yaradılmalıdır. İstehsalçı bazarda idxal olunan məhsulla rəqabət apara bilməlidir. Fantastik gömrük tarifləri də ayrı bir dərddir. Dövlət Gömrük Komitəsi məhsulun qiymətini bir hərəkəti ilə elə qapıda bahalaşdırır. Nəticədə eyni qiymətə Belarusdan alınan yağ, Gürcüstandakı marketlərdə Azərbaycandan 50 faiz və hətta daha ucuz satılır”.

A.İbrahimov bildirib ki, əsas problem uzun illər ərzində toplanmış struktur problemlərin həll edilməməsidir:

“Kənd təsərrüfatı ilə sənaye arasında əlaqələr zəifdirsə, fermerin məhsulu emal olunmursa, istehsal xərcləri yüksəkdirsə və bazarda rəqabət məhduddursa, nəticədə idxaldan asılılıq davam edir. Bunun yükünü isə son nəticədə istehlakçı daşıyır. Ona görə də kənd təsərrüfatı və iqtisadi siyasətə yenidən baxılmalıdır. Dövlət idxal statistikasını açıqlamaqla kifayətlənməməli, yerli istehsalın niyə tələb olunan səviyyəyə çatmadığını, fermerlərin hansı maneələrlə üzləşdiyini və qiymət artımlarının qarşısını almaq üçün hansı konkret tədbirlərin görüldüyünü də izah etməlidir. İqtisadi idarəetmənin səmərəliliyi ayrılan vəsaitlərin və verilən vədlərin sayı ilə deyil, nəticələrlə ölçülməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*