“Baksol yolu”nda faciə: İttiham olunan şəxsə cəza istənildibackend

“Baksol yolu”nda faciə: İttiham olunan şəxsə cəza istənildi

“Baksol yolu” adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölməsi ilə bağlı açılan cinayət işi üzrə ittiham edilən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs edilməsini, cəzasını ümumirejimli cəzaçəkmə müəsisəsində çəkməsini təklif edib.

Vəkillər çıxış üçün vaxt istəyib.

Məhkəmə 29 oktyabrda davam etdiriləcək.

Xatırlatma: iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb. Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.

Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*