Bank hesablarında saxlanılan vəsaitin təhlükəsizliyi hər bir müştəri üçün ən həssas məsələlərdən biridir. Lakin son vaxtlar bəzi vətəndaşların hesablarında vəsaitin qəfil azalması, hətta müəyyən məbləğin tamamilə yoxa çıxması ilə bağlı şikayətləri narahatlığı artırıb. Mütəxəssislər bildirirlər ki, belə hallar təkcə kiberdələduzların fəaliyyəti ilə deyil, bankların elektron sistemlərində baş verən texniki nasazlıqlarla da əlaqəli ola bilər. Baş verən bu hadisələr bank xidmətlərinin etibarlılığı və müştəri vəsaitlərinin qorunması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Bəs bank hesablarında müştərilərin vəsaitinin azalması və ya yoxa çıxması halları əsasən hansı səbəblərdən baş verir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bank hesablarında vəsaitin itməsi əsasən iki səbəbdən baş verir.

Onun sözlərinə görə, birinci səbəb haker və dələduzların vətəndaşların hesablarına qanunsuz müdaxilə edərək vəsaiti ələ keçirməsidir.
“Burada iki səbəbdən biri ola bilər. Ya hakerlər, dələduzlar vəsaiti oğurlayır, ya da bankın elektron informasiya sistemində texniki problemlər yaranır. Son zamanlar baş verən hallar isə daha çox texniki problemlərlə əlaqəli idi”, – deyə ekspert vurğulayıb.
Əkrəm Həsənov qeyd edib ki, bankların informasiya sistemlərində yaranan nasazlıqlar nəticəsində bəzi hallarda müştərilərin hesablarında vəsait müvəqqəti görünməyə və ya balansda yanlış əks olunmağa bilər. Belə problemlər aradan qaldırıldıqdan sonra isə vəsait adətən bərpa edilir.
Ekspert hesab edir ki, vətəndaşlar hesablarında hər hansı uyğunsuzluq aşkar etdikdə dərhal bankla əlaqə saxlamalı, məsələ qısa müddətdə həllini tapmadığı təqdirdə isə aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər. Onun fikrincə, həm bankların kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi, həm də texniki sistemlərin davamlı şəkildə yenilənməsi bu cür halların qarşısının alınmasında mühüm rol oynayır.
Aynurə İsmayıl
KONKRET.az
