“Belə silahlarla Azərbaycanla döyüşmək son dərəcə çətin olacaq”backend

“Belə silahlarla Azərbaycanla döyüşmək son dərəcə çətin olacaq”

Ermənistan Rusiya ilə pozulan münasibətləri fonunda yeni tərəfdaşlar axtarışını davam etdirir. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra bir kəlmə Ukraynanın xeyrinə fikir səsləndirməyən Ermənistan yalnız bu ilin sentyabrında Ukraynaya humanitar yardım göndərdi. Yardımı isə Kiyevə Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan çatdırıb. Bu, həmin vaxt idi ki, Rusiya ilə Ermənistan arasında münasibətlər gərginləşməyə başlamışdı.

Eyni zamanda, Anna Akopyanın Kiyevdə Ukrayna rəhbərliyi ilə görüşə can atması da müttəfiqinin xoşuna gəlməmişdi. Deməli, məsələyə “düşmənimin düşməni mənim dostumdur” prizmasından yanaşan Ermənistan müharibənin başlamasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, mövqeyini dəyişib. Çox güman ki, Paşinyanın bu qərarına onun Qərbdəki yiyələrinin də təsiri var. Rusiya əleyhinə koalisiya yaratmaq planına uyğun olaraq potsovet məkanında Rusiyadan incik ölkələrin bir koalisiyada birləşməsi Qərbin planıdır.

Ukrayna – Rusiya müharibəsi başlayanda rusları dəstəkləyən Ermənistanın dəyişən mövqeyinin kökü bəllidir. Amma Ukraynada fərqli düşünürlər. Onlar hesab edirlər ki, Ermənistan – Ukrayna münasibətlərinin yeni mərhələsindən danışmağa ehtiyac yoxdur.

KONKRET.az xəbər verir ki, bunu Ukraynanın Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru, politoloq İqor Semivolos deyib: “Düzdür, əlaqələr var idi, lakin onları Kiyevin mövqeyində əsaslı dəyişiklik hesab etmək olmaz. Üstəlik, Ukraynanın Qarabağla bağlı mövqeyinə yenidən baxmayacağını nəzərə alsaq, Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və heç bir dəyişikliyə məruz qalmır”.

Ukraynanın “İnformasiya Müqaviməti” qrupunun hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenkonun fikrincə, Ermənistan hazırda sürüşmə vəziyyətindədir: “İndi Ermənistan Rusiyanın təsir orbitindən çıxıb, naməlum istiqamətə doğru hərəkət edir. Ermənilərin siyasi strategiyasını mühakimə etmək çətindir, çünki İrəvanın hərəkətləri xaotikdir. Ermənistan indi özünü Rusiyadan təcrid etməklə, sözün əsl mənasında hamı ilə dost olmağa çalışır. Ukrayna bu vəziyyətdən öz xeyrinə istifadə edir, çünki onu bir problem narahat edir.

Bu yaxınlarda Ermənistan Rusiyaya müharibə aparmaq üçün çox vacib olan mikroelektroniklərin çatdırılması üçün əsas qaçaqmalçılıq marşrutuna çevrilib. Rusiya hərbi-sənaye kompleksinə yeni silahlar – mikrosxemlər, mikroçiplər, yarımkeçiricilər yaratmaq üçün məhz sadaladığım vasitələr çox lazımdır.

Aydındır ki, Ermənistanın bu cür yüksək texnoloji məhsulların istehsalı üçün öz bazası yoxdur. Ona görə də o, Rusiya sənayesinin ehtiyacları üçün yalnız transfer qovşağı, sol tranzit  dəhlizi kimi çıxış edir. Kiyev indi bir sıra məsələlərdə İrəvanla yaxınlaşma siyasəti quraraq bu problemi həll etməyə çalışır.

Digər tərəfdən, qeyd etmək olar ki, Kiyev Ermənistanla heç vaxt, hətta orada maksimal dərəcədə rusiyayönlü mühitin mövcud olduğu vaxtlarda da münasibətlərini kəsməyib. Obyektiv danışsaq, biz bütün ölkələrlə, hətta Belarusla da dialoqu davam etdiririk. Ona görə də, biz Ermənistanın yenidən Rusiyanın tərkibinə girməsinə imkan vermək istəməzdik. Ukrayna da  Ermənistanın Rusiyadan uzaqlaşmasını dəstəkləyir”.

A.Kovalenkonun fikrincə, bir sıra incə məqamlara diqqət yetirilməlidir. Xüsusilə Ermənistanın rus silahlarını Qərb silahlarına dəyişməsi və Fransadan zirehli texnikanın tədarükü ilə bağlı yeni məlumatlar narahatlıq yaradır: “Bu, olduqca problemlidir. İrəvan 44 günlük müharibə və 23 saatlıq hərbi əməliyyat zamanı verdiyi silah itkilərini əvəz etməyə çalışır. Ona görə də o, rəngarəng silahlar arsenalı əldə etmək riski ilə üzləşir. Bu da erməni hərbçilərinə daha böyük problemlər gətirəcək. Belə silahlarla Azərbaycanla döyüşmək Ermənistan ordusu üçün son dərəcə çətin olacaq. Ermənistanın bu sürüşməsi Azərbaycan üçün həm də sərfəlidir. Çünki əvvəllər Ermənistan daha sadə və əlçatan sxem üzrə silahlanırdı. Qərb tərəfdaşları ilə belə bir sxem Ermənistanın işinə yaramayacaq. Ona görə də onun hərbi potensialını bərpa etmək imkanları xeyli azalacaq”.

Bununla yanaşı, Kovalenko Ukrayna ilə Ermənistan arasında bir sıra məsələlər üzrə gələcək taktiki yaxınlaşmanı da istisna etmir. O hesab edir ki, belə bir dialoq zamanı Kiyev Ermənistanın BMT-də səsvermə zamanı Rusiyaya dəstəyini dayandırmasına nail ola bilər”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*