“Luqansk və digər Rusiyanın işğal etdiyi bölgələrdə yanacaq böhranı yaşanması Azərbaycanda benzinin qiymətinə təsir göstərməyəcək”
Bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev KONKRET.az-a açıqlamasında səsləndirib.
Ekspert bildirib ki, Ukraynanın Rusiya neft emalı zavodlarına təşkil etdiyi dron hücumları səbəbindən son vaxtlar bu ölkədə yanğınlar baş verir və beləcə yanacaq qıtlığına gətirib çıxarır:
“Bunun Azərbaycana təsirləri yoxdur. Azərbaycan Rusiyadan benzin idxal etmir. Ona görə də ölkədə yanacaq qıtlığına və qiymətlərə təsir etməyəcəyini düşünürəm”.
Ekspertin sözlərinə görə, dünya bazarında belə hadisələr müəyyən təşviş yaradır və neft məhsullarının qiymətində dalğalanmalara səbəb olur:
“Əslində bu, real dəyişiklik deyil. Yaranan ajiotaj nəticəsində qiymətlər təlatumlu olur. Amma Azərbaycanın yanacaq bazarına birbaşa təsiri yoxdur. Ona görə də ölkədə benzinin və dizelin qiymətinin artacağı ilə bağlı fikirlərə qatılmıram”, – Mustafayev vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az