Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib.
KONKRET.az xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb.
Bildirilib ki, hadisədən əvvəl 70 yaşlı kişi pasiyent huşsuz vəziyyətdə olarkən altını batırıb. Buna hiddətlənən qadın isə köməksiz vəziyyətdə olan pasiyenti nalayiq ifadələrlə təhqir edib və fiziki şiddət göstərib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a bildirilib ki, aparılan araşdırma zamanı II Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadının stasionar müalicədə olan, köməksiz və huşsuz vəziyyətdəki pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib:
“Faktla bağlı müəssisənin Tibbi Şurasında iclas keçirilib. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, habelə əvvəlki intizam tənbehləri nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 07.10.2026-cı il tarixindən xitam verilib”.
Əmək müqaviləsinə xitam verildikdən sonra sanitar qadın xəstəxanaya gedib və sirkə içərək intihara cəhd edib.
