Bir ildir təmir adı ilə bağlanan Respublika İncəsənət Gimnaziyasında nələr baş verir? – Nazirlikdən AÇIQLAMAbackend

Bir ildir təmir adı ilə bağlanan Respublika İncəsənət Gimnaziyasında nələr baş verir? - Nazirlikdən AÇIQLAMA

“Təhsil millətin gələcəyidir”. Azərbaycan qanunvericiliyi hər bir gəncin təhsil almaq hüququnu tanıyır və bu, “Təhsil Haqqında Qanun”da öz əksini tapıb. Eyni zamanda təhsilə cavabdehlik daşıyan qurum şagirdlərin rahat və komfortlu şəraitdə təhsil almaq hüququnu təmin etməyə borcludur. Lakin bəzən bilərəkdən və ya obyektiv gənclərin təhsil almaq hüququ məhdudlaşır. Belə olan halda isə ortaya haqlı olaraq vətəndaş şikayətləri çıxır.

KONKRET.az-ın redaksiyasına bununla bağlı daxil olan məktubda vətəndaş Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasının hələ də təmir olunaraq istifadəyə verilməməsindən, bununla da övladı ilə bərabər onlarla gəncin rahat şəraitdə təhsilalma hüququnun məhdudlaşdırılmasından şikayət edib.

“Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyası 2024-2025-ci tədris ili üçün əsaslı təmirə bağlanıb. Təmirin müddəti bir il nəzərdə tutulsa da, binada heç bir təmir işlərinin aparılmadığı göz önündədir. Bu faktın özü ictimaiyyəti yanıltmaq, çoxsaylı şagird və müəllim kontingenti olan məktəbin təhsil işçilərini və valideynlərini də aldatmaq deməkdir. Hamımız bilirik ki, müasir texnologiyalar və imkanlar çərçivəsində bir binanın nəinki bir il, hətta yarım il ərzində belə təmir edilərək təhvil verilməsi mümkündür. Əgər bu edilmirsə, deməli, məsələnin məğzində başqa problemlər dayanır. Məktəbin şagirdləri 189-190 saylı məktəbə ikinci növbədə təhsillərini davam etdirirlər. Axşam saat 18:00-da dərsdən çıxan uşaqlar, yoldakı tıxacları da nəzərə alsaq, evə saat 20:00 və ya 21:00-da çatırlar. Bu isə onların təhsillərinin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Süni şəkildə yaradılmış problemin biz valideynlər və uşaqlarımız üçün nə qədər böyük çətinliklər yaratdığı isə sözlə ifadə oluna bilməz. Onu da xüsusi olaraq vurğulamaq istəyirik ki, gimnaziyada təhsil alan şagirdlər xüsusi qabiliyyətə malik olduqları üçün burada oxuyurlar. Mövcud vəziyyətin bir il davam etməsi belə onların müəyyən sahələrdə (rəqs, rəssamlıq, aktyorluq və s.) bacarıqlarını inkişaf etdirməsinə mane olur”, – vətəndaşın şikayət məktubunda vurğulanır..

Eyni zamanda Elm və Təhsil Naziri Emin Əmrullayevə də müraciət ünvanlayan vətəndaşlar, problemin həlli istiqamətində qısa zaman ərzində addım atılmasını xahiş edirlər.

“Cənab nazir! Bir daha vurğulayırıq: gimnaziya ixtisasyönümlüdür, lakin burada təhsil alan şagirdlər köçürüldükləri məktəbdə ixtisas dərsi ala bilmirlər. Yaranmış qeyri-müəyyən vəziyyət istedadlı şagirdlərin ruhdan düşməsinə, ixtisasdan soyumasına səbəb olur. Bundan başqa, 189-190 nömrəli məktəblərin yerləşdiyi ərazi də uşaqların sərbəst və təhlükəsiz şəkildə məktəbə çatması ilə bağlı narahatlıq yaradır. Belə ki səhər növbəsində oxuyan şagirdlərin dərsdən çıxması və günorta növbəsinin şagirdlərinin məktəbə daxil olması eyni zamanda baş verdiyindən qarışıqlıq yaranır, məktəbin yerləşdiyi ərazinin əlverişsizliyi isə övladlarımızın həyatını təhlükəyə atır. Uşaqları bu məktəbdə təhsil alan bütün valideynlər adından Sizdən xahiş edirik: Gimnaziyanın təmirinin sürətlə bitməsinə və ya İncəsənət gimnaziyasının profilinə uyğun məktəblə təmin olunmasına, uşaqların normal dərs rejiminin bərpası edilməsinə şərait yaradasınız. Nəzərə alın ki, bizim uşaqların normal təhsil almaq hüququ var və dövlətimiz bunun təminatçısıdır”.

Vətəndaş şikayəti ilə bağlı Elm və Təhsil Nazirliyinə ünvanladığımız sorğuya isə belə cavab verilib:

“Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasında bərpa-gücləndirmə, o cümlədən əsaslı təmirə dair layihə işləri təkmilləşdirilərək rəy üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib. Həmin qurumlardan layihə işləri ilə bağlı artıq müsbət rəy əldə edilib. Sözügedən təhsil müəssisəsində işlər sürətli şəkildə həyata keçiriləcək”.

Ümid edirik ki, nazirliyin açıqladığı kimi təmir işləri sürətli şəkildə aparılacaq və təhsil müəssisəsi qısa zamanda şagirdlərin ixtiyarına veriləcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*