“Biri öz bədənini reklam edir, digəri var-dövlətini” – Mənəvi aşınma pik həddə çatıbbackend

“Biri öz bədənini reklam edir, digəri var-dövlətini” – Mənəvi aşınma pik həddə çatıb

Sosial şəbəkələrin monitorinqi göstərir ki, cəmiyyətdə neqativ hallar daha çox təbliğ edilir, mənəvi deqredasiya elementləri maksimum səviyyədə qabardılır. Elə bil Azərbaycan 30 ildən sonra torpaqlarını geri qaytaran ölkə deyil. Sanki rəşadətli Azərbaycan Ordusunun qələbələri, ölkə diplomatiyasının uğurları, perspektivdə dövlətimizin regionda və dünyada yeri, ölkədaxili pozitiv xəttlər unudulmağa məcbur edilir. Artan tendensiya gələcəkdə ciddi problemlər yarada bilər.

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan sosioloq Elçin Bayramlı bildirib ki, cəmiyyətdə mənəvi deqredasiyanın getməsi göz qabağındadır:

“Bu tendensiyanın səbəbləri çox dərindədir, fundamentaldır. Tendensiya cəmiyyətimizin son 30 ildə ictimai-siyasi, sosial-iqtisadi cəhətdən dəyişməsilə ortaya çıxdı. Yəni sosializm dövründə yaşamış cəmiyyət mənəvi dəyərlər üzərində bərqərar olmuşdu. İnsanlar üçün maddiyat o qədər də əhəmiyyət kəsb etmirdi. İnsanlar arasında münasibətlər, ailələr və digər məsələlər də mənəvi dəyərlər üzərində qurulurdu. Kapitalizmə keçiddə insanlar yaşam uğrunda mübarizəyə düçar oldular. Artıq öz ehtiyaclarını təmin etmək, yaşamaq üçün hər cür qeyri-mənəvi, qeyri-əxlaqi işləri görməyə məcburdurlar. Daha bic olanlar, insanları daha çox aldadanlar maddi baxımdan uğur qazanıb irəli gedirlər. Cəmiyyət də baxır ki, yaşamaq üçün “yeni dəyərlərə” sahiblənmək lazımdır. Nəticədə də mühitə adaptasiya olmağa çalışırlar. 20-30 il bu mənfi tendensiyaya müqavimət göstərənlər oldu. Lakin onlar da mənəvi dəyərlərlə bu quruluşda irəli getməyin mümkün olmadığını gördülər və daha yaxşı yaşamaq üçün dəyişməyə başladılar. Dəyişmək də bütün mənəvi dəyərləri arxa plana atıb, maddi dəyərlər üzərində hər şeyi qurmaqdır”.

Onun sözlərinə görə, kapitalizmdə dəyər puldur:

“Bunun üzərində qurulan düşüncə tərzi də insanları tədricən qeyri-mənəvi mühitə sürükləyir. Əvvəllər normal qəbul edilən şeylər indi qeyri-normal, qeyri-normal qəbul edilənlər isə əksinə normal qəbul edilir, yaxşı qəbul edilən şeylər isə hazırda bacarıqsızlıq, zəiflik sanılır. Hansı ki bunlar insani xüsusiyyətlərdir. Bunların hər biri ümumi mühitə, sosial münasibətlərinin formalaşmasına təsir göstərir”.

Sosioloq vurğulayıb ki, mənəvi boşluğa düşmüş insanlar özlərini təsdiq etmək üçün mənəvi bazaya malik olmadıqda bunu maddi şeyləri göstərməklə edir:

“Biri öz bədənini reklam edərək, digəri var-dövlətini, maşınını, evini göstərib onunla öyünür. Bunlar insanın kim olduğunu sübut etmir. İnsanlar isə bunu başa düşmür”.

Onun fikrincə, insanların təhsil almasının məqsədi də çoxlu pul, vəzifə qazanmaqdır:

“Onun insanlığı heç kimi maraqlandırmır. Halbuki təhsil insani kriteriyalar arasında ilk onluğa belə düşmür. Təhsildən öncə insan namuslu, əxlaqlı, fədakar, sədaqətli olmalıdır. Biz yüksək təhsilli terrorçular da, bəşəriyyətin başına atom bombası atanlar da görmüşük. Təhsil insan yaratmır”.

Elçin Bayramlının qənaətinə görə, bunların hər biri qeyri-insani mühitdir:

“Belə bir cəmiyyət ola bilməz. İnsani keyfiyyətlərini itirmiş bir cəmiyyət maddi cəhətdən yüksək səviyyədə olsa da, onun gələcəyi, inkişafı ola bilməz. Biz dövlət olaraq elə təbliğat aparmalıyıq ki, mənəvi cəhətdən sağlam cəmiyyət yaransın. Biz birtərəfli inkişaf etsək, maddiyyat üzərində hər şeyi qursaq, bu gələcəkdə deqredasiyada gətirib çıxaracaq. Ona görə də insanlar yanaşmanı dəyişməlidilər. Kimlərsə saxta dəyərlər formalaşdırsa belə, biz bunu qəbul etməməliyik. Öz milli-mənəvi dəyərlərimizi qorumalıyıq. Bütün humanitar sahələrdə çalışmalıyıq ki, sağlam, mənəvi dəyərlərə sahib insanlar yetişdirək”.

Onun sözlərinə görə, mühitin təsiri artıq özünü açıq şəkildə göstərir.

“Artıq bizim ailə institutumuz da dağılır, uşaq tərbiyəmiz də əldən gedir, insanların bir-biri ilə münasibəti əldən gedir, hamı hamını aldatmağa, dövlətdən oğurlamağa çalışır.

Amansız meşə qanunları içərisində sağlam cəmiyyət ola bilməz. Biz sosial ədalətli, mənəvi bazaya sökənən düzgün insani cəmiyyət qurmalıyıq. Gənc nəslə pulu, sərvəti olan əxlaqsızları nümunə göstərməməliyik. Aparılan təbliğat bu istiqamətdə olmalıdır.

Ölkədə yaradılan sosial-iqtisadi mühit də, dövlətin yanaşması, ziyalıların yanaşması da bu formada olmalıdır. Bunları etmək lazımdır ki, formalaşan tendensiya aradan qalxsın, sağlam cəmiyyət yaradılsın”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*