Azərbaycanda son illərdə doğum göstəricilərinin ardıcıl şəkildə azalması demoqrafik təhlükəsizliklə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ekspertlər bu tendensiyanı sosial rifah səviyyəsi, mənzil problemi, gənc ailələrin maddi çətinlikləri və ailə institutunda baş verən dəyişikliklərlə əlaqələndirirlər. Belə bir şəraitdə dövlət tərəfindən uşaq pulunun bərpası və çoxuşaqlı ailələrə əlavə dəstək mexanizmlərinin tətbiqi yenidən aktuallaşıb.
Bəs uşaq pulunun qaytarılması Azərbaycanda demoqrafik geriləmənin qarşısını almağa nə dərəcədə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Azərbaycanda sosial rifahla əhali artımı arasında birbaşa əlaqə mövcuddur:

“Almaniya, Fransa və digər Avropa ölkələri ilə Azərbaycanı bu məsələdə müqayisə etmək düzgün deyil. Hər bir dövlətin özünəməxsus ailə modeli və sosial xüsusiyyətləri var. Azərbaycanda demoqrafik geriləmənin əsas səbəblərindən biri maddi çətinliklərdir. Gənc ailələr gələcəklə bağlı ciddi narahatlıqlar yaşayırlar. Son aylarda daha çox cərimələr, məhdudiyyətlər, rüsum və qiymət artımları müşahidə olunur. Belə şəraitdə əhali artımını gözləmək çətindir. Mənzil qiymətlərinin bahalaşması, təhsil xərclərinin artması, səhiyyə xidmətlərinin əlçatanlığının azalması doğum göstəricilərinə mənfi təsir göstərən əsas amillərdəndir”.
Tural Abbaslının fikrincə, uşaq pulunun tətbiqi problemi tam həll etməsə də, vəziyyətin yaxşılaşmasına mühüm töhfə verə bilər:
“Uşaq pulu doğum sayını iki-üç dəfə artıracaq mexanizm deyil. Amma bu, problemin həlli istiqamətində vacib addımlardan biridir. Dövlət birinci, ikinci, üçüncü və sonrakı uşaqlarla bağlı fərqli dəstək mexanizmləri formalaşdırmalıdır. Çoxuşaqlı ailələr üçün əlavə sosial təminatlar nəzərdə tutulmalıdır. Hətta dörd və daha çox uşağı olan ailələrə mənzil təminatı kimi güzəştlər də tətbiq oluna bilər”.
Abbaslı qeyd edib ki, ailə institutunun zəifləməsi də demoqrafik vəziyyətə mənfi təsir göstərir:
“Boşanmaların statistikasına baxsaq, görərik ki, son illərdə bu göstərici ciddi şəkildə artıb. Artıq boşanmaların sayı yeni qurulan ailələrin sayına yaxınlaşır. Ailə institutunun möhkəmləndirilməsi və sosial dəstək tədbirlərinin genişləndirilməsi istiqamətində addımlar atılmasa, ölkə daha ciddi demoqrafik problemlərlə üzləşə bilər”.
Müşviq Tofiqoğlu
KONKRET.az
