Bu deputatın mandatı ləğv edilir – 10-a yaxın yer boşaldıbackend

Bu deputatın mandatı ləğv edilir - 10-a yaxın yer boşaldı

Mayın 2-də Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. 

KONKRET.az xəbər verir ki, iclasda Milli Məclisin deputatı Ramin Məmmədovun mandatından məhrum edilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, aprelin 8-də Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Beləliklə də parlamentdə boşalan deputat yerlərinin sayı 10-a çatır.

İndiyə kimi Milli Məclisdə 9 boş yer vardı.

2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri zamanı 4 dairənin nəticələri ləğv edilib. Nəticəsi ləğv edilmiş dairələr aşağıdakılardır:

33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov);

35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu);

74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli);

80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə).

2020-ci ilin avqustunda isə 116 saylı Qəbələ seçki dairəsindən deputat mandatı qazanan Fəttah Heydərov dünyasını dəyişib.

2021-ci ildə 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs olunub. O, həmin ilin iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş deputat 3 il 6 ay müdəttinə azadlıq məhrum edilib. Beləliklə, 55 saylı Xaçmaz şəhər seçki dairəsi də boş qalıb.

50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatı Şahin Seyidzadə 3 mart 2022-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatdan sonra Şahin Seyidzadə deputat mandatından imtina edib.

2023-cü il iyulun 14-də 10 saylı Binəqədi seçki dairəsindən deputatı Madər Musayev 75 yaşında vəfat edib.

Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə 2023-cü il sentyabrın 28-də vəfat edib. Qənirə Paşayeva 105 saylı Tovuz seçki dairəsindən deputat seçilmişdi.

Qeyd edək ki, Konstitusiyanın 82-ci maddəsinə görə Milli Məclis 125 deputatdan ibarət olmalıdır. Ramin Məmmədovla bağlı bugünkü təyinatdan sonra deputatların sayı 115 nəfərə düşəcək. (Modern.az)

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*