Şimali Koreya lideri Kim Çen İnin səhhəti və hakimiyyətin gələcəyi ilə bağlı yayılan məlumatlar beynəlxalq diqqəti yenidən bu ölkəyə yönəldib. Belə bir vəziyyətin təsdiqlənəcəyi təqdirdə, Şimali Koreyada siyasi hakimiyyətin ötürülməsi, ölkənin gələcək idarəçilik modeli və Koreya yarımadasındakı təhlükəsizlik məsələləri gündəmə gəlir
Bəs liderin vəfatı Şimali Koreyanın gələcəyinə necə təsir göstərə, regionda hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, Kim Çen İnin səhhətində problemlərin yaranması və uzun müddət ictimaiyyət qarşısında görünməməsi ilə bağlı oxşar hallar əvvəllər də müzakirə olunub. Onun sözlərinə görə, hazırda yayılan məlumatların doğruluğu və rəsmi təsdiqi gözlənilməlidir.
“Kim Çen İnin vəfatı təsdiqlənərsə, Şimali Koreyada hakimiyyət dəyişikliyi ciddi siyasi nəticələrə səbəb ola bilər. Ölkədə mövcud idarəçilik sistemi Kim Çen İnin babası Kim İr Senin dövründə formalaşıb, daha sonra isə atası Kim Çen İr tərəfindən davam etdirilib. Bu səbəbdən hakimiyyətin növbəti dəfə ötürülməsi sistemin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır”.
Taleh Əliyevin sözlərinə görə, Kim Çen İnin mümkün varisləri sırasında onun bacısı Kim Yo Çjonun və azyaşlı qızının adının hallanması hakimiyyətin gələcək taleyi ilə bağlı suallar yaradır. Politoloq hesab edir ki, regionda mürəkkəb geosiyasi vəziyyətin hökm sürdüyü bir vaxtda belə bir keçid prosesi ölkə daxilində və beynəlxalq münasibətlərdə əlavə gərginliyə səbəb ola bilər.
O, həmçinin Şimali Koreyada mümkün hakimiyyət dəyişikliyi ilə bağlı müxtəlif məlumatların yayıldığını qeyd edib. Politoloqun sözlərinə görə, bu məlumatlar arasında Çinin ölkədə mümkün proseslərə müdaxiləsi ilə bağlı iddialar da var. Lakin həmin iddiaların təsdiqlənməsi üçün etibarlı mənbələrdən rəsmi məlumatların əldə olunması vacibdir.
Taleh Əliyev Şimali Koreyanın gələcəyi ilə bağlı üç mümkün ssenarini diqqətə çatdırıb.
Birinci ssenari ölkədə mövcud siyasi sistemin zəifləməsi və Koreya yarımadasının birləşməsi istiqamətində proseslərin başlanmasıdır. Politoloqun fikrincə, hakimiyyət daxilində ciddi dəyişikliklər baş verərsə,
uzun illərdir ayrı mövcud olan Şimali və Cənubi Koreyanın gələcək münasibətləri də yeni mərhələyə keçə bilər.
İkinci ssenari hakimiyyət dəyişikliyinin hərbi qarşıdurmaya səbəb olmasıdır. Politoloq hesab edir ki, siyasi qeyri-sabitlik və tərəflər arasında gərginliyin artması Koreya yarımadasında ciddi təhlükəsizlik riskləri yaradar. Bununla belə, belə bir qarşıdurmanın baş verəcəyini indidən qəti şəkildə söyləmək mümkün deyil.
Üçüncü ssenari isə hakimiyyətin əvvəlcədən gözlənilən varisə ötürülməsi və mövcud idarəçilik modelinin qorunub saxlanılmasıdır. Bu halda yeni lider əvvəlki siyasi kursu davam etdirə, eyni zamanda özünə yaxın şəxslərdən ibarət yeni idarəçilik komandası formalaşdırar.
Politoloqun sözlərinə görə, hakimiyyət daxilində belə dəyişikliklər baş verərsə, yüksək vəzifəli şəxslərin vəzifələrini itirməsi, eləcə də siyasi elita arasında qarşıdurmaların yaranması ehtimalı da müzakirə mövzusu ola bilər.
Taleh Əliyev vurğulayıb ki, hazırkı mərhələdə əsas məsələ yayılan məlumatların nə dərəcədə doğru olduğunu müəyyənləşdirməkdir. Onun fikrincə, məlumatlar təsdiqlənəcəyi təqdirdə, hakimiyyətə gələcək şəxsin atacağı ilk addımlar Şimali Koreyanın gələcək siyasi kursunu və regiondakı proseslərin istiqamətini müəyyənləşdirmək baxımından mühüm rol oynayacaq.
Beləliklə, Kim Çen İnin hakimiyyətinin gələcəyi ilə bağlı yayılan məlumatlar təsdiqini taparsa, Şimali Koreyanı qarşıda siyasi sistemin davam etdirilməsi, hakimiyyət daxilində dəyişikliklər və ya daha geniş regional gərginliklə bağlı müxtəlif ssenarilər gözləyə bilər. Hansı istiqamətin reallaşacağı isə rəsmi məlumatlardan və mümkün hakimiyyət dəyişikliyindən sonra atılacaq addımlardan asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az
