Bu halda Azərbaycan-İran münasibətlərində əsaslı dəyişiklik olacaq – DETALLARbackend

Bu halda Azərbaycan-İran münasibətlərində əsaslı dəyişiklik olacaq - DETALLAR

Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında alternativ quru yolun – “Tramp marşrutu”nun istifadəyə verilməsi ilə bağlı İran mediası yeni iddia ilə çıxış edib. Bildirilib ki, bu yolun açılması Tehranın onilliklər ərzində malik olduğu mühüm tranzit üstünlüklərinin itirilməsi ilə nəticələnə bilər. Maraqlıdır, İranın tranzit imkanlarını itirməsi Tehranın Bakı ilə münasibətlərinə hansı formada təsir göstərəcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Həşim Səhrablı bildirib ki, tranzit yolların dəyişməsi məsələsi əvvəllər də İran və Azərbaycan arasında ciddi problemlərə səbəb olub:

Qütbləşən dünya: Bakı tərəfsiz mövqe numayiş etdirir - Həşim Səhrablıyla SÖHBƏT

“Əgər Tehran ağıllı davranarsa, bu layihələrin ən sərfəli tərəflərindən biri də məhz İran olacaq. Azərbaycan təkcə Şərq–Qərb marşrutunu deyil, eyni zamanda Şimal–Cənub dəhlizinin də aktivləşdirilməsini təklif edir. Bu isə həm İranın, həm də Rusiyanın xeyrinədir. Çünki bu layihə vasitəsilə onlar geniş Hindistan bazarına qoşula, əlavə tərəfdaş ölkələri də cəlb edə bilərlər”.

Politoloq vurğulayıb ki, Azərbaycan beynəlxalq tranzit yolların kəsişmə nöqtəsinə çevrilməklə həm Şərq–Qərb, həm də Şimal–Cənub dəhlizlərini açaraq dünyaya geniş coğrafi-strateji imkanlar təqdim edir:

“Bakı həm İran, həm də Rusiya ilə qarşılıqlı münasibətlərdə maraqlıdır. Lakin Tehran və Moskva hesab edir ki, Azərbaycanın tranzit yolların əsas mərkəzinə çevrilməsi gələcəkdə onun iqtisadi və strateji baxımdan önəminin daha da artmasına gətirib çıxara bilər”.

Həşim Səhrablı qeyd edib ki, İranın uzun illər malik olduğu üstünlükləri səmərəli istifadə etməməsi məhz rəsmi Tehranın məsuliyyətidir:

“30 il ərzində İran bu üstünlüklərdən yararlana bilmədisə, bunun günahı Azərbaycanda deyil. Hər hansı alternativ layihələr, Zəngəzur dəhlizi məsələsi gündəmdə deyildi. İndi Tehran bu imkanları itiribsə, məsuliyyət də birbaşa İran hakimiyyətinin üzərinə düşür”.

Politoloqun sözlərinə görə, Bakı-Tehran münasibətləri təkcə iqtisadi və ya hərbi müstəvidə deyil, tarixi və etnik faktorlarla da bağlıdır:

“İran hər zaman Azərbaycana qarşı hətta ən xırda məsələdə belə radikal mövqe nümayiş etdirib. Əgər sabah İranda dini olmayan, sekulyar hakimiyyət formalaşsa, onda Azərbaycan–İran münasibətlərində əsaslı dəyişikliklərin şahidi ola bilərik”, – deyə o, əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*