Noyabrın 15-dən aran rayonları üzrə qış mövzümünə keçilsə də, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindəki 6 saylı tam orta məktəbə istiliyin verilməsi təmin edilməyib.
KONKRET.az TNS-ə istinadla xəbər verir ki, təhsil müəssisəsinə istilik verilmədiyindən müəllim və texniki heyət soyuğa görə məktəbə gələ bilmir.
“Məktəbin 125 nəfər müəllim və texniki işçisi var. Sumqayıtın ən böyük orta məktəblərindən biridir. Noyabrın 14-dən də hər gün işə gəlirik. Amma soyuqdan məktəbdə oturmaq olmur. Azəristiliktəchizat ASC-nin Sumqayıt İstilik Sistemləri İstismar Sahəsindən deyirlər ki, hər şey hazırdır, qazanxanalar işlək vəziyyətə gətirilib. Amma “Azəristiliktəchizat” istilik sistemini qoşmağa icazə vermir. Deyirlər ki, bu qurum hələ məktəbə limit ayırmayıb. Nə vaxt limit ayrılsa, istiliyi də onda verəcəklər”, – müəllimlərdən biri bildirib.
Azəristilik ASC-dən isə sorğumuza cavab olaraq bildirilib ki, istilik təchizatı MÜTDA-nın müraciəti əsasında dayandırılıb:
“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müraciəti əsasında sözügedən məktəbdə istilik təchizatı dayandırılıb. Növbəti günlərdə müraciətlər əsasında təchizat bərpa olunacaq”.