Bu obyektlərdə yanğın təhlükəsi var! – DİQQƏTbackend

Bu obyektlərdə yanğın təhlükəsi var! - DİQQƏT

“Bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyi ilə bağlı qaydalara, təlimatlara və normativ standartlara ciddi şəkildə riayət etməlidirlər. Təbii ki, bu məsələ qanunvericilikdə də öz əksini tapıb və “Yanğın təhlükəsizliyi haqqında” qanunda açıq şəkildə qeyd olunub. Yəni bütün təyinatlı obyektlər – bazar, ticarət mərkəzi, zavod, fabrik və digər ictimai və istehsal müəssisələri bu qaydalara tabedir”.

KONKRET.az xəbər verir ki, bu fikirlərin “Yeni Sabah”a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib. O, qeyd edib ki, müvafiq dövlət qurumu, yəni yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirən qurum tərəfindən aparılan yoxlamalar zamanı aşkar olunan nöqsanlar sahibkarlara və müəssisə rəhbərlərinə yazılı şəkildə təqdim olunur:

“Bildirilir ki, obyekt üzrə hansı normativlər və qaydalar pozulub və onların aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir. Təbii ki, iş yerləri və obyekt sahibləri yoxlamanın nəticəsində müəyyən edilən nöqsanları ciddi qəbul etməli və onları qısa zamanda aradan qaldırmalıdırlar. Bu işlər qeyri-peşəkar şəxslərə deyil, mütləq akreditasiyadan keçmiş, lisenziyalı müəssisələrə həvalə olunmalıdır. Əks halda, gələcəkdə yanğın təhlükəsi riski və faciəvi halların başvermə ehtimalı olduqca yüksək olur.

Xarici təcrübədə də bu xidmətlər əsasən özəl müəssisələr tərəfindən ödəniş müqabilində həyata keçirilir. Belə ki, onlar obyektləri yoxlayır, qiymətləndirir, mövcud nöqsanları sahibkara təqdim edir. Sahibkar həmin nöqsanları aradan qaldırdıqdan sonra dövlət qurumu yekun yoxlama aparır və nəticəyə qiymət verir. Azərbaycanda da dövlət qurumu tərəfindən edilən göstərişləri sahibkarlar ciddi qəbul etməlidirlər”.

Müsahibimiz vurğulayıb ki, nöqsanların hər biri kifayət qədər ciddi əhəmiyyət daşıyır:

Məsələn, obyektlərdə avtomatik yanğınsöndürmə və ya yanğın xəbərdaredici siqnalizasiya sistemi quraşdırılmayıbsa və ya quraşdırılıb, amma nasaz vəziyyətdədirsə, bu, böyük risk yaradır. Bu sistemlər tüstü və istilik hiss olunduqda dərhal siqnal ötürərək vaxtında xəbərdarlıq edir. Əks halda, işçilər hadisədən gec xəbər tutur və yanğın qısa zamanda geniş miqyas alır.

Digər vacib məsələ ilkin yanğınsöndürmə vasitələridir. Standart olaraq hər müəssisədə ən azı 6 kq-lıq balon tipli yanğınsöndürənlər olmalıdır. Bu balonlar qapalı məkanlarda 5-6 kv.m-lik yanğın ocaqlarını söndürə bilir. Bir neçə belə balondan istifadə etməklə yanğının böyüməsinin qarşısı almaq mümkündür. Əgər bu balonlar yoxdursa və ya istifadəyə yararsızdırsa, nəticə ağır olur, çünki yanğın hər saniyə sürətlə genişlənir.

Yanğınların böyük faizi elektrik təsərrüfatında baş verən nasazlıqlardan qaynaqlanır. Ona görə elektrik şəbəkəsi hər il akreditasiyadan keçmiş müəssisə tərəfindən yoxlanılmalı, kabel və naqillərin izolyasiyası, gərginliyə davamlılığı ölçülməlidir. Əks halda, qısaqapanma nəticəsində qığılcım yaranır və yanğın baş verir. Bundan əlavə, elektrik naqillərinin yanar materialların üzərindən keçirilməsi birbaşa yanğın təhlükəsi deməkdir”.

Ekspert əlavə edib ki, obyekt daxilində istifadə olunan ara kəsmələr, tavanlar və anbarda qurulan konstruksiyalar da yanğına davamlı materiallarla üzlənməlidir:

“Bunun üçün xüsusi, yanmanı gecikdirən boyalar mövcuddur. Əks halda, tez alışan materiallar yanğının qısa zamanda genişlənməsinə şərait yaradır.

Hər bir müəssisədə mütləq şəkildə təxliyyə planı hazırlanmalı və görünən yerlərdə yerləşdirilməlidir. İşçilər bu plan əsasında hansı yolla tez və təhlükəsiz şəkildə təxliyyə olunacağını, hara toplanacağını bilməlidir. Təxliyyə yolları heç vaxt bağlı olmamalı, qarşısı əşya və materiallarla tutulmamalıdır.

Ümumilikdə, hər bir müəssisədə yanğına qarşı rejim yaradılmalı, işçilər bu sahədə maarifləndirilməli və qaydalara ciddi əməl olunmalıdır. Əlbəttə, heç bir tədbir hadisənin başvermə ehtimalını tamamilə sıfırlamır. Lakin bütün bu qaydalar yerinə yetirildiyi halda, yanğın baş verərsə belə, nəticələr minimal zərərlə aradan qaldırıla bilər”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*