Türkiyədə Şərqi Aralıq dənizi İnşaat Podratçıları Dərnəkləri Federasiyasının (DAİMFED) prezidenti Mustafa Karslıoğlu, “Hökumətimiz icazə verdikdən və ərazi müəyyən edildikdən sonra sığınacaqlar 120 gün ərzində tamamlanmağa hazır olacaq”, – deyib.
KONKRET.az Milliyet-ə istinadən xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatı Akademiyası (MİA) regionda tarazlığı sarsıdan İsrail və İran arasında 12 günlük müharibənin təəccüblü təhlilini dərc edib.
Belə ki, MİA-nın hesabatında ən diqqət çəkən çağırışlardan biri də “kütləvi sığınacaqlar”ın vurğulanması olub.
Hesabatda “Strateji obyektlərdə lazımi texniki göstəricilərə malik sığınacaqlar yaradılmalı, xüsusilə böyük şəhərlərdə asanlıqla əldə edilə bilən kütləvi sığınacaqlar tikilməlidir” ifadəsi işlədilib. TOKİ (Türkiyə Mənzil İnşaatı İdarəsi) Yaxın Şərqdə baş verən son müharibələr və gərginliklər zamanı MİT Akademiyasının hazırladığı hesabatlar əsasında layihənin təşəbbüskarı olub.
Türkiyənin sığınacaq infrastrukturu təhdidlərə uyğunlaşdırılacaq. TOKİ 81 vilayətin hamısında müasir sığınacaqlar inşa edəcək. Bir çox ərazilərdə, xüsusən də ictimai bağların altında sığınacaqların tikiləcəyi gözlənilir.
Karslıoğlu, hökumətin lazımi göstərişlər verməsindən dərhal sonra tikinti prosesinin başlayacağını ifadə edərək, “Müxtəlif universitetlər sığınacaqlar üçün izolyasiya layihələri hazırladıqdan sonra 120 gün müddətində tamamlanması hədəflənərək, mövcud ictimai bağlarda və təyin olunmuş ərazilərdə tikintiyə başlanılacaq. Sığınacaqları yalnız müharibə səyi kimi qəbul etməməliyik; epidemiyalar, sel, zəlzələlər, fəlakətlər var”.
O, sonda qeyd edib ki, “Hər bir insan üçün bir kvadratmetr sahə yaradılacaq və minimum 21 günlük yaşayış üçün nəzərdə tutulacaq. Bu layihələr qarşıdakı dövrdə hər bir vilayətin qubernatorları tərəfindən müəyyən edilən yerlərdə həyata keçiriləcək. 100 min əhalisi olan bir əyalətdə sığınacaqların sayı bu gün böyük şəhərlərdəki ilə eyni olmayacaq”.
Dəniz Pənahova
KONKRET.az