Durumun kriminoloji səbəbləri barədə fikir yürütmək niyyətində deyilik. Mürəkkəb problemdir. Buna potensialımız imkan verməz. Biz yalnız problemin görünən nəticələri, üstün meylləri barədə, məhdud həyat təcrübəmizə, biliklərimizə, təcrübəmizə əsaslanaraq çox fərdi nəticələr çıxara bilərik. Təbii ki, onların hamısını bölüşmək də məlum səbəblərə görə olmaz. Ona görə də yalnız təəssüratlarımızı və mövzuya maraq göstərən şəxslər üçün bölüşə bilərik.
Müşahidələrimiz elə təsəvvür yaradır ki, cinayətkarlıqla, xüsusən də dələduzluq cinayətkarlığı ilə mübarizə başlı-başına buraxılıb. Onun strukturu, dinamikası və digər kriminoloji aspektləri nə akademik dairələri, nə də bu sahəyə məsul olan dövlət orqanlarının vəzifəli şəxslərini düşündürür. Cinayətkarlığın ümumi və xüsusi profilaktikası isə tamamilə yaddan çıxmış bir arxaik anlayışa çevrilmişdir.
Durumun səbəbləri sırasında məhkəmələrin də rolu az deyil. Söhbət cinayət prosesini həyata keçirən məhkəmələrdən deyil, mülki mühakimə həyata keçirən məhkəmələrin prinsipial mövqeyindən gedir. Cinayət prosesini həyata keçirən məhkəmələr cinayətkarlıqla mübarizə aparmır. Onlar təqsir müəyyən edib, şəxslərə cəza təyin edirlər. Cinayət təqibini isə prokurorluq, istintaq orqanları həyata keçirir. Lakin mülki mühakimə icraatı aparan məhkəmələr bəzi hallarda cinayətkarlıqla, xüsusən də “dələduzluq” cinayətkarlığı ilə mübarizədə iştirak edə bilərlər. Bu, qanun normaları ilə onların prosessual vəzifəsi kimi müəyyən edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin (MPM) 265.4-cü maddəsinə (Maddə 265. Məhkəmənin xüsusi qərardadlar) əsasən, “Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir”.
Bu norma Sizlərə xırda, əhəmiyyətsiz görünməsin. İş ondadır ki, həm dələduzlar, həm də onların qurbanları haqq-ədalət axtarışını ilkin olaraq mülki mühakimədə axtarırlar. İnsaf naminə etiraf etməliyik ki, prokurorluq və istintaq orqanları da onları müxtəlif bəhanələrlə (məsələn, özlərinin də sona kimi anlamadıqları “konflikt mülki xarakterlidir” bəhanəsi ilə) bu istiqamətə yönəldirlər. Məhkəmələr qanunçuluq prinsipinə ciddi əməl etsələr, cinayət xarakterli “aldatma”, “etibardan sui-istifadə etmə” faktları barədə açıq-aşkar məlumatları prokurorluğa göndərməklə nəinki öz prosessual vəzifələrini icra etmiş olar, eləcə də cinayət təqibi orqanlarının bəhanələrini əllərindən çıxarar, məsələnin qanunla həllinə zəmin yaratmış olar. Belə vəziyyətin səbəblərindən biri mülki mühakimə hakimlərinin cinayət hüququnun nəzəriyyəsindən, xüsusən də cinayətlərin tövsifi nəzəriyyəsindən bixəbər olmalarıdır. Ona görə də, biz prinsipial olaraq prokurorluğun mülki mühakimə icraatına qaytarılmasının tərəfdarıyıq. Cəmiyyət məcbur olub gec-tez buna gedəcək. Hesab edirik ki, bunun mümkün qədər tez baş verməsi cəmiyyətin əsas maraqlarından biridir”.
Cinayət təqibi orqanlarının bu sahədə “fəaliyyətsizliyi”, konstitusion vəzifələri yerinə yetirməkdən yayınması barədə deyilənlərə gəlincə, sabiq prokuror deyir ki, bu, konstitusiya və prosessual qanunvericiliyinin prinsiplərinə hörmətsizlik üzərində qurulmuş bir epidemiyaya çevrilmişdir:
Amma bir tendensiyanı görməmək mümkün deyildir. Dələduzluğun həcminin şişməsinin elə səbəbləri var ki, “islahat” pərdəsi ilə atılan pərakəndə addımlar onları aradan qaldırmağa qadir deyildirlər.
Bu yaxınlarda prokurorluğun bir məlumatına rast gəldim. Yazılmışdı ki, “1259 gənc hüquqşünas prokurorluq orqanlarına daimi qulluğa qəbul edilib. Onlar da hazırda prokurorluq işçilərinin 93,2 faizini təşkil edir”. Bilmirsən, sevinəsən, yoxsa kədərlənəsən. Kim, haçan və harada gəncin təcrübəli işçidən problemin öhdəsindən daha səmərəli gəlməsi prezumpsiyasını kəşf edib? Məlum deyil. Əksini isə, biz gündəlik həyatımızda görməkdəyik. İnanmırsınızsa, gecə-gündüz təcrübəli işçi axtarışında olan rəhbərlərlə səmimi söhbət edin. Hərçənd, onlar Sizə düzünü deyərlər.
Cinayət hüququna görə “etibardan sui-istifadə etmə” və “aldatma” Cinayət Məcəlləsinin (CM) 178-ci maddəsində nəzərdə tutulmuş “dələduzluq” adlı cinayətinin törətmə uşularıdır (“etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”). Yəni, qeyd edilən cinayətin tərkibinin “obyektiv cəhət” əlamətləridir.
Cinayət Prosessual Məcəlləsinin (CPM) 7.0.1-ci maddəsində (Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları) müəyyən edilmişdir ki, “cinayət hadisəsi – cinayətin əlamətlərini özündə əks etdirən hadisədir”. Yəni, cinayətin üsulu cinayət hadisəsini özündə əks etdirən hadisədir.
Bəs bu “əlamətlər”in mövcudluğu cinayət təqibi orqanı qarşısında bir vəzifə müəyyən edir və ya etmir? Sualın cavabı CPM-nin konkret və aydın məzmunlu normasındadır. CPM-nin 46.3-cü maddəsinə (Maddə 46. Cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri) əsasən, “Cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır”.
Cinayət hüququna görə, CM ilə nəzərdə tutulmuş “cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Məlum olduğu kimi, cinayətlərin tərkiblərinin əlamətləri CM-nin Xüsusi hissəsinin normalarında təsvir edilmişdir.
Göründüyü kimi, dələduzluqla, eləcə də cinayətkarlığın digər növləri ilə qanuni mübarizə icrası kifayət qədər asan olan proseduraların yerinə yetirilməsini tələb edir. Çifayda, yerinə yetirilmir. Fəsadlar isə, çox uzağa aparır. Məsələn, mülki mühakimə icraatında Mülki Məcəllənin (MM) 339-cu (Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı), 340-cı (Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı), 560-cı (Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi) və digər maddələrində nəzərdə tutulmuş əqdlərə əsaslanan mübahisələrin sayı yüksək olmaqla məhkəmələrin iş yükü, eləcə də vətəndaşların bu məsələlərlə bağlı dövlət orqanlarına mənasız şikayətlərinin sayı artacaq. Bu, qaçılmazdır.
Vurğulanmalıdır ki, cinayət prosesi mülki prosesdə aldadılmasına məhkəmələr tərəfindən haqq qazandırılmış şəxslərin hüquqlarının bərpa olunması imkanlarını də nəzərdə tutur. Cinayət prosesi çərçivəsində çıxarılmış və qanuni qüvvəyə minmiş hökm mülki prosesdə işin yenidən baxılmasına səbəb ola bilir. MPM-nin 432-ci maddəsində (Maddə 432. İşə yenidən baxılması ) müəyyən edilmişdir ki, “432.2.2. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; 432.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri” yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslardır. Bu normanı prokurorluq və istintaq orqanlarının “iş mülki xarakterlidir” nəqəratının ifaçıları olan vəzifəli şəxsləri yadlarından çıxarmamalıdırlar. Bu əsaslar üzrə dövlət orqanlarına müraciətlər kifayət qədərdir. Təəssüflər olsun ki, onların statistikası barədə bilgilərimiz yoxdur. Amma faktlar var.