“Bu qərar Rusiyanı məhvə sürükləyəcək” – VACİB AÇIQLAMAbackend

"Bu qərar Rusiyanı məhvə sürükləyəcək" - VACİB AÇIQLAMA

Rusiyada azərbaycanlılar və digər miqrantlara qarşı yeni təzyiq aləti gündəmə gəlib. Belə ki, Rusiya Dövlət Dumasındakı “Yeni İnsanlar” fraksiyasının nümayəndələri ölkənin Mərkəzi Bankına rəsmi müraciət edərək, miqrantların rəsmi maaşdan artıq məbləğdə pul vəsaitini xaricə göndərməsinin qadağan olunmasını təklif ediblər. Maraqlıdır, gələcəkdə bu tendensiya davam edərsə, tam şəkildə pul göndərilməsinin qadağan olunması ehtimalı varmı? Bu, hüquqi və iqtisadi baxımdan nə dərəcədə realdır və hansı nəticələrə gətirib çıxara bilər?”

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bu cür təşəbbüslər hər bir ölkənin iqtisadi maraqlarından irəli gəlir:

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

“Hər bir ölkə istəyir ki, ölkədən çıxan vəsaitlərə nəzarət etsin. Azərbaycanda da qanunla 10 min dollardan artıq pulu ölkədən çıxarmaq qadağandır. Rusiya da bu cür məhdudiyyət tətbiq edə bilər, amma düşünmürəm ki, tam şəkildə pul göndərməyə qadağa qoyulsun. Çünki bu, onların özlərinə də təsir edə bilər.”

Novella Cəfəroğlu qeyd edib ki, pul köçürmələrinə müəyyən nəzarət və məhdudiyyətlər mümkün olsa da, tam qadağa iqtisadi baxımdan Rusiyaya ziyan verər:

“Rusiyadan Azərbaycana 1000 dollardan artıq pul göndərilməsi də elə də geniş yayılmış hal deyil. Əgər miqrantlar olmasa, Rusiya ciddi çətinliklərlə üzləşər. Çünki hazırda ölkənin ən ağır işlərini məhz miqrantlar görür. Hətta rayonlarda, kəndlərdə belə, yerli əhalini əsasən miqrantlar əvəz edir. Yoxsa o kəndlər çoxdan məhv olmuşdu.”

Hüquq müdafiəçisinin fikrincə, Rusiya hakimiyyəti də bu reallığın fərqindədir və ağıllı qərar qəbul edərək, miqrantları itirmək istəməz:

“Onlar da başa düşürlər ki, miqrantların hesabına bu gün Rusiyanın iqtisadiyyatı hələ də normal vəziyyətdədir.”

Qeyd edək ki, hazırda Rusiyada miqrantların pul köçürmələrinə əlavə nəzarət təşəbbüsləri müzakirə mərhələsindədir. Gələcəkdə bunun hüquqi mexanizmlə tənzimlənəcəyi gözlənilir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*