Hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və digər aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında bildirilib.
Qeyd olunub ki, bu məqsədlə 2026-cı ilin yanvar ayından hazırkı dövrədək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə SHXÇDX tərəfindən təqdim olunan rəsmi məlumatlar, o cümlədən vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxsin və qanunazidd əməllərin törədilməsində iştirakı ehtimal olunan 121 şəxsin barəsində hərtərəfli araşdırmalar aparılıb.
Həmçinin qeyd olunan dövrdə Baş İdarənin əməliyyat qurumları tərəfindən hərbi xidmətə çağırış sahəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 4 əməliyyat-axtarış tədbiri keçirilib, nəticədə faktlar üzrə cinayət işləri başlanaraq İstintaq idarəsinə göndərilib.
Ümumilikdə, 2026-cı ilin yanvar ayından etibarən SHXÇDX-nin vəzifəli şəxsləri və digər şəxslər barəsində 8 cinayət işinin ibtidai istintaqı aparılıb. Həmin cinayət işlərindən 8 şəxs (7 vəzifəli şəxs və 1 vətəndaş) barəsində 5 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib. Məhkəməyə göndərilmiş işlər üzrə təqsirləndirilən 6 şəxs barəsində əsas qətimkan tədbiri qismində həbs, əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma, 2 şəxs barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Hazırda 3 cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və onlardan 1 cinayət işi üzrə 2 şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri tətbiq olunub.
İbtidai istintaq zamanı 3 cinayət işi üzrə 9 çağırışçı barəsində komisyon məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertizanın nəticələrinə əsasən 1 şəxs hərbi xidmətə yararlı hesab edilib, 2 şəxsə xidmətdən möhlət hüququ verilib, digər 6 şəxs üzrə isə ekspertiza davam etməkdədir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, eləcə də respublikanın ayrı-ayrı rayon (şəhər) prokurorluqlarında istintaq olunan cinayət işləri və araşdırılan materiallar üzrə tibbi müayinələrin tam aparılmaması və yanlış diaqnozlar səbəbindən səhhətində problem olan çağırışçıların xidmətə göndərilərək sonradan vaxtından əvvəl tərxis olunması, habelə SHXÇDX-nin yerli qurumlarında daxili yoxlamalarla qanun pozuntularının törədilməsi faktları müəyyən edilib.
Yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara (o cümlədən SHXÇDX-yə 18, Səhiyyə Nazirliyinə 6, TƏBİB-ə 4, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə 3, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə 1) ümumilikdə 32 təqdimat göndərilib, onlardan 14-ü bilavasitə Xidmətin 35 yerli strukturunda sənədləşmənin qanunvericiliyin tələbləri səviyyəsində tərtib olunmasının təmin edilməsini əhatə edib. Görülmüş tədbirlər nəticəsində SHXÇDX-nin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 4 həkimə və 10 vəzifəli şəxsə, habelə 1 fiziki şəxsə xəbərdarlıq edilib, müvafiq kollektivlərdə müzakirələr aparılıb.
Hazırda 5 təqdimat üzrə icraat davam etdirilir.
Hərbi xidmətə çağırış sahəsində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarının və digər neqativ halların qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
