Azərbaycanda praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan, eləcə də bu sahədə işləmək istəyən şəxslərin sertifikasiyası ilə bağlı yeni qaydalar hazırlanacaq. Bu, səhiyyə sahəsində keyfiyyətin artırılması və peşəkar biliklərin yoxlanılması məqsədi daşıyır. Maraqlıdır, sertifikasiyadan keçməyən və ya uğursuz olan tibb işçiləri ilə bağlı hansı tədbirlər görülə bilər ? Onların fəaliyyəti məhdudlaşdırıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tanınmış terapevt Rasif Bağırov bildirib ki, belə bir prosesin tətbiqi zəruridir:
Rasif Bağırov
“Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin doğrudan da sertifikasiyadan keçirilməsinə ehtiyac var. Çünki bu, onların həm iş qabiliyyətini, həm də elmi biliklərini artıracaq. Bu da ümumi səhiyyə sisteminə müsbət təsir göstərəcək”.
Həkim qeyd edib ki, hazırda bir çox hallarda xəstələrə verilən reseptlərin düzgün anlaşılmaması, dərmanların səhv verilməsi və digər bu kimi problemlər mövcuddur:
“Sertifikasiya prosesi zamanı işçilər imtahanlara hazırlaşmalı olacaqlar, bu da onların bilik səviyyəsini artıracaq və bu cür səhvlərin qarşısını alacaq”.
Rasif Bağırovun sözlərinə görə, sertifikasiyadan keçə bilməyən şəxslərin fəaliyyətinə məhdudiyyət qoyulması da istisna edilmir:
“Yəqin ki, imtahandan keçməyənləri işə buraxmayacaqlar. Necə ki, digər sahələrdə, məsələn, müəllimlər və həkimlər sertifikasiyadan keçə bilməyəndə işə qəbul edilmirlər, bu proses həmin şəxslərə də şamil ediləcək”.
Aynurə İsmayıl
KONKRET.az