Martın 2-də keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən istifadə edilən bütün tapşırıqlar ingilis bölməsi üzrə imtahan verən abituriyentlər üçün də həmin dillərə tərcümə edilərək təqdim edilib.
KONKRET.az xəbər verir ki, bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd olunub ki, ingilis bölməsi üzrə imtahan verən abituriyentlərin birinin sual kitabçasından götürülmüş bir tapşırığın sosial media platformalarında yayılması bu qaydadan məlumatsız olan bəzi şəxslər tərəfindən həmin tapşırığın xarici mənbədən götürüldüyü kimi başa düşülüb.
“Bir daha bildiririk ki, tapşırığın orijinal mətni Azərbaycan dilindədir və həmin tapşırıq yalnız ingilis bölməsi üzrə imtahan verən abituriyentlər üçün tərcümə edilib. Sosial mediada yayılan görüntü də hansısa xarici mənbə olmayıb, məhz DİM-in keçirdiyi imtahanda istifadə edilən sual kitabçasından götürülüb”, – məlumatda bildirilib.
Qeyd edək ki, sosial şəbəkələr və mediada Martın 2-də keçirilən buraxılış imtahanında riyaziyyat fənni üzrə istifadə edilən suallardan birinin plagiat olduğu barədə xəbərlər yayılıb.