Bütün arzularını ÇİN edən dövlət – Artıq Afrika da bu ölkənin təsirinə düşürbackend

Bütün arzularını ÇİN edən dövlət – Artıq Afrika da bu ölkənin təsirinə düşür

2023-cü ildə onuncu ilini tamamlayan “Bir kəmər bir yol” təşəbbüsü bu müddət ərzində bir çox ölkədə və sektorlarda layihələr həyata keçirərək qlobal uğur qazanıb.

KONKRET.az xəbər verir ki, layihədə Afrikadan Şimali Avropaya qədər bir çox regionlardan iştirak təmin edilib. Kəmər və yol təşəbbüsünün qlobal arenada artan təsiri Çinin nüfuzunu da artırıb. Dünyanın bir çox ölkəsi, iştirakçı olub-olmamasından asılı olmayaraq, indi Çinin etibarlı ticarət tərəfdaşı olduğunu qəbul edib.

Çinin idxal və ixrac nisbətləri ilə dünyanın ən böyük iqtisadiyyatlarından biri olduğu məlum bir həqiqətdir. Bu kontekstdə Kəmər və Yol Təşəbbüsünün Çinin investisiya siyasətinə və gəlir-xərc balansına da təsir etdiyi görülür. Məsələn, 2013-cü ildən bəri Çin, 2022-ci ilə qədər 200-dən çox saziş nəticəsində “Bir kəmər və bir yol” təşəbbüsü kontekstində təxminən 67,8 milyard dollar sərmayə qoyub.

Göründüyü kimi, bu layihə çərçivəsində Çin tərəfindən böyük bir investisiya qoyulub. Xüsusilə infrastruktur layihələrinə yönələn bu investisiyalar bir çox ölkələrin Çinlə əməkdaşlığını gücləndirib. Bu, ikitərəfli münasibətlərə müsbət təsir göstərib.

Məsələn, Çinin Afrikadakı əməkdaşlığı və bu kontekstdə inkişaf edən ikitərəfli əlaqələr buna yaxşı nümunədir. Tanzaniya və Zambiya Afrikadakı böyük güc rəqabətinin mərkəzində olan iki dövlətdir. Bu dövlətlər Afrika qitəsində həm yeraltı sərvətlərinə, həm də Çinin bölgəyə yatırdığı investisiyalara görə seçilir. Digər tərəfdən, Zambiya, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çinlə əlaqələrini daha da inkişaf etdirən region dövlətlərindən biridir. Zambiya xüsusilə mis mədənləri baxımından dünyanın aparıcı dövlətlərindən biridir. Bu vəziyyət Zambiyanın əhəmiyyətini artırsa da, Çinlə münasibətlərinə də müsbət təsir göstərir. Çünki Shanghai Metal Cooperation Zambiyadan mis alan ən böyük altı şirkətdən biridir.

Çinin bu layihə çərçivəsində nüfuz etdiyi regiondan biri də Hind-Çinidir. Laos, Vyetnam, Kamboca, Tailand və Myanma regionun mühüm ölkələri kimi seçilir. Təşəbbüsün bölgədə yaratdığı iqtisadi fəallıq Çin və region ölkələri arasında əlaqələrin inkişafında ən mühüm amildir. Çinin bölgədə həyata keçirdiyi nəqliyyat və infrastruktur layihələri dövlətlərarası daşımalara töhfə verməklə yanaşı, logistika sahəsində də səmərəlidir. Məsələn, 2022-ci ildə edilən açıqlamalara görə, Çin-Laos dəmir yolu xətti ilk istifadə ilində 8,5 milyon sərnişin və 11,2 milyon ton yük daşıyıb. Başqa bir misal Çinin də iştirak etdiyi Kambocanın paytaxtı Phnom Penh ilə Vyetnamın Ho Chi Minh şəhərini birləşdirəcək avtomobil yolu tikintisidir. Bu yol tikintisi sayəsində Kamboca və Vyetnam birləşdiriləcək.

Nəticədə “Bir kəmər, bir yol” dünyanın bir çox müxtəlif regionlarında Çinlə əməkdaşlığı artıran element kimi diqqəti cəlb edir. Məlumdur ki, bu, həm iştirakçı dövlətlərə, həm də Çinə böyük fayda gətirir. Bu yolla Çinlə iştirakçı dövlətlər arasında əlaqələrin gündən-günə gücləndiyini söyləmək olar.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*