Buzovnada pirin yaxınlığında dözülməz qoxu: Donuz peyini ilə bağlı araşdırma aparılırbackend

Buzovnada pirin yaxınlığında dözülməz qoxu: Donuz peyini ilə bağlı araşdırma aparılır

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Əli ayağı” pirinin yaxınlığına donuz peyininin töküldüyü bildirilir. Ərazidən yayılan kəskin qoxu sakinlərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı KONKRET.az-ın redaksiyasına müraciət daxil olub. Sakinlərin iddiasına görə, Maştağa yolu üzərində, Əli bulağının yaxınlığında, 18 Oktyabr küçəsində yerləşən pirin ərazisinə donuz peyini tökülüb. Nəticədə ətrafa dözülməz qoxu yayılıb, məhəllə sakinləri arasında narahatlıq yaranıb.

Məsələ ilə bağlı Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu ünvanladıq.

Mərkəzdən KONKRET.az-a bildirilib ki, daxil olan məlumat əsasında ərazi üzrə müvafiq rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri aidiyyəti yerli qurumların iştirakı ilə yerində araşdırma aparırlar.

Qurumun məlumatına görə, ötən il də analoji hadisə ilə bağlı Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə şikayət daxil olub. Araşdırma nəticəsində ərazinin nəzarətdə saxlanılması, sakinlərin narazılığına səbəb olan halların qarşısının alınması və pis qoxunun yayılmaması məqsədilə müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyə və ərazinin sahibinə məktublar göndərilib.

Hazırkı müraciətlə bağlı isə Mərkəz artıq məlumatlandırılıb və araşdırmaya başlanılıb. Hazırda Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri ərazidə yerində yoxlama aparırlar. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

Mərkəzdən qeyd olunub ki, kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün nəzərdə tutulan peyinin yaşayış sahələrinə və insanların ziyarət etdiyi məkanlara tökülməsi əhalinin sağlamlığı və ətraf mühitin çirklənməsi baxımından risk yarada bilər. Bu risklərin dəqiq qiymətləndirilməsi isə müvafiq araşdırma və laborator müayinələrin nəticələrinə əsasən mümkündür.

Qurumun açıqlamasına əsasən, yoxlama zamanı nöqsanlar aşkar edilərsə, onların aradan qaldırılması üçün dövlət sanitariya xidmətinin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görüləcək. Zərurət yaranarsa, bələdiyyə və yerli icra hakimiyyəti orqanlarına ərazinin təmizlənməsi və sanitariya-gigiyena tələblərinə riayət olunması ilə bağlı təkliflər təqdim ediləcək.

Mərkəz, həmçinin araşdırmanın nəticələrinə əsasən əhalinin sağlamlığına təsir göstərə biləcək hallar və ya nöqsanlar müəyyənləşərsə, məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*