“Cənnət”də oturub Azərbaycan banklarını soydubackend

“Cənnət”də oturub Azərbaycan banklarını soydu

İspaniyanın Aralıq dənizində yerləşən Kosta Blanka adasında (Valensiya muxtar bölgəsinə daxildir) yerli məhkəmə Azərbaycan da daxil olmaqla bir neçə ölkənin banklarına kiberhücum həyata keçirərək milyonlarla dollar oğurlamış rusiyalı hakerə hökm oxuyub.

KONKRET.az Virtualaz.org-a istinadən xəbər verir ki, Denis Tokarenko adlı bu haker 4 il yarım həbs cəzasına məhkum edilib. Eyni zamanda o, 6 milyon dollar cərimə ödəməlidir.

Ağ qumlu çimərlikləri, bütün il boyu mülayim havası ilə məşhur olan Kosta Blanka adası turizm cənnəti hesab edilir və hər il ora 6 milyondan çox turist baş çəkir. 39 yaşlı Denis Tokarenko adlı həmin rusiyalı haker Kosta Blanka sakinidir, San Vicente del Raspeig şəhərində yaşayır. O, kompüter dələduzluğunda, sənədlərin saxtalaşdırılmasında və cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasında ittiham olunurdu. Onun rəfiqəsi Yuliya Qluşenkova isə çirkli pulların yuyulmasında iştirak etdiyi üçün 6 ay həbslə və 300 min dollar cərimə ilə cəzalandırılıb.

Bildirilir ki, Denis Tokarenko Kosta Blankada “Denis Katana” ad-soyadı ilə özünə saxta pasport düzəldib və bu adla fəaliyyət göstərib, onun xarici ölkələrdə yaşayan daha 3 nəfərlə əlbir olduğu müəyyən olunub. Amma həmin şəxslərin kimliyini təsbit etmək mümkün olmayıb.

Rusiyalı haker “Cobalt” adlı virus proqramı hazırlayaraq onu Azərbaycan, Belarus və Tayvan da daxil olmaqla bir neçə ölkənin bank işçilərinin kompüterlərinə yoluxdurub. Bu yolla 4 milyon dollardan (istintaqın sübuta yetirə bildiyi məbləğdən söhbət gedir) çox vəsait ələ keçirib. O, 2016-cı ilin iyul ayında cəmi 2 gün ərzində Tayvanın “First Commercial Bank” adlı bankından 2.2 milyon dollar oğurlayıb. Tokarenko 2018-ci ildə İspaniya Milli Polisi tərəfindən Belçika hüquq-mühafizə orqanlarından daxil olmuş informasiya əsasında həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*