Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunurbackend

Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunur

Yaxın Şərqdə gərginliyin artması, İran ətrafında baş verən son proseslər və regionda dəyişən geosiyasi balans Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəzi ekspertlər hesab edirlər ki, Tehran və Moskvanın mövqeyi layihənin icrasına təsir göstərə bilər. Digərləri isə beynəlxalq dəstəyin bu təşəbbüsün reallaşmasını sürətləndirəcəyini düşünür.

Bəs regionda davam edən geosiyasi gərginlik Zəngəzur dəhlizinin həyata keçirilməsini risk altına ala bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, regionda baş verən hadisələr bu və ya digər şəkildə Cənubi Qafqaza da təsir göstərir.

Oqtay Qasımov: “Levon Ter-Petrosyanın açıqlaması erməni siyasi düşüncəsinin hansı yönə kökləndiyini ifadə edir” – Polisə.az

Onun sözlərinə görə, bəzi ekspertlər İran–ABŞ qarşıdurmasının Zəngəzur dəhlizinin açılması prosesinə mənfi təsir göstərə biləcəyini düşünürlər.

“Bu fikri irəli sürənlər əsasən İran və Rusiyanın dəhlizə mənfi münasibətini əsas gətirirlər. Lakin hesab edirəm ki, İran və Rusiya nə qədər cəhd göstərsələr də, bu layihənin qarşısını almaq onlar üçün o qədər də asan olmayacaq. Ötən ilin 8 avqustunda Vaşinqtonda əldə olunan razılaşmaya əsasən, ABŞ dəhliz üzrə nəzarət mexanizmində iştirak edəcək və bu istiqamətdə Ermənistanla da müvafiq anlaşma imzalanıb.

Texniki, hüquqi və maliyyə məsələləri böyük ölçüdə həllini tapıb. Düşünürəm ki, ABŞ yaxın dövrdə bu istiqamətdə konkret addımların atılması ilə bağlı qərar verəcək. Vaşinqton prosesdə qətiyyətli mövqe nümayiş etdirsə, İran və Rusiyanın layihəni əngəlləmək imkanları kifayət qədər məhdud olacaq”.

Ekspertin fikrincə, bu il Zəngəzur dəhlizi ilə bağlı praktiki addımların atılması üçün real imkanlar mövcuddur.
O, həmçinin Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin bu məsələ ilə bağlı səsləndirdiyi fikirləri xatırladaraq bildirib ki, dövlət başçısı da layihə üzrə irəliləyişlərin bu il mümkün olduğunu ifadə edib.

“Risklər mövcuddur, lakin hesab edirəm ki, onlar layihənin reallaşmasını dayandıracaq səviyyədə deyil. Əksinə, bu il Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində əməli addımların atılmasının şahidi ola bilərik”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*