Azərbaycanda son illər Çin istehsalı olan avtomobillərə maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə hibrid və elektromobillərin sayının çoxalması fonunda Çin markaları yerli avtomobil bazarında daha geniş yer tutmağa başlayıb. Bu tendensiya fonunda ilin sonuna qədər Çin avtomobillərinin idxalına əlavə limit və ya yeni məhdudiyyətlərin tətbiq ediləcəyi ilə bağlı suallar da aktuallaşıb.
Bəs mövcud ekoloji tələblər və idxal qaydaları fonunda belə bir dəyişiklik gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, Azərbaycanda Çin avtomobillərinin sayının sürətlə artmasının bir neçə səbəbi var.

“Bu gün Çin avtomobilləri dünyanın əsas inkişaf etmiş modelləri sırasında yer alır. Çin avtomobil sənayesi nəqliyyat infrastrukturunun inkişafı, ekoloji tələblərə uyğunlaşma, yanacaq sərfiyyatının optimallaşdırılması və müasir nəqliyyat konsepsiyalarının tətbiqi baxımından ciddi irəliləyiş əldə edib.
Xüsusilə elektrik və hibrid avtomobillərin istehsalında Çin modellərinin üstünlüyü danılmazdır. Dünyanın bir çox inkişaf etmiş ölkələrinin avtomobil bazarında da Çin istehsalı olan nəqliyyat vasitələrinin payının artdığını görürük. Bu baxımdan, Azərbaycan bazarında da həmin avtomobillərə marağın yüksəlməsi təbii prosesdir”, – deyə ekspert bildirib.
Ekspertin sözlərinə görə, avtomobil bazarında hər hansı əlavə inzibati məhdudiyyətin tətbiqi bazar prinsipləri baxımından diqqətlə qiymətləndirilməlidir.
“İstehlakçının tələbi əsas amillərdən biridir. Vətəndaş daha qənaətcil, ekoloji baxımdan daha əlverişli və müasir avtomobil almaq istəyirsə, bu da bazarın formalaşmasına təsir edən sosial tələbatdır. Hər hansı tələb və ya məhdudiyyət sosial çağırışlarla əsaslandırıla bilər. Lakin inzibati yolla bazara müdaxilə etmək bazar iqtisadiyyatı baxımından əlverişli yanaşma deyil.
Əsas məsələ avtomobillərin keyfiyyəti, təhlükəsizliyi, ekoloji standartlara uyğunluğu və istehlakçı hüquqlarının qorunmasıdır. Bu meyarlar təmin olunduğu halda konkret ölkənin istehsal etdiyi avtomobillərin sırf mənşəyinə görə məhdudlaşdırılması məqsədəuyğun olmaz”, – Aslan Əsədov qeyd edib.
Ekspert hesab edir ki, Azərbaycanda avtomobil idxalı ilə bağlı gələcək dəyişikliklər daha çox təhlükəsizlik və ekoloji standartlarla əlaqələndirilə bilər. Bu baxımdan, Çin avtomobillərinin sayının artması özü-özlüyündə əlavə limit tətbiq edilməsi üçün əsas kimi qiymətləndirilməməlidir.
Beləliklə, ekspertin yanaşmasına görə, avtomobil bazarında əsas meyar ölkə mənşəyi deyil, nəqliyyat vasitələrinin müəyyən edilmiş texniki, ekoloji və təhlükəsizlik tələblərinə cavab verməsidir. Çin avtomobillərinə tələbatın artması isə bazarda dəyişən istehlakçı seçimlərinin nəticəsi kimi qiymətləndirilir.
Aynurə İsmayıl
KONKRET.az
