Hazırda Bakı və Abşeron ərazisi adeta Çin avtomobillərinin sınaq meydançasına çevrilib. Dünyanın bir çox ölkələrində olduğu kimi, burada da Çin markalı avtomobillər bazarda üstünlük qazanıblar. Paytaxt və ətraf qəsəbələrdə yollarda hər üç avtomobildən ikisinin Çin istehsalı olması artıq adi mənzərəyə çevrilib.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, istehsal keyfiyyətinə görə Avropa markalarından geri qalmasına baxmayaraq, bu avtomobillər müasir dizaynı, texnoloji funksiyaları və münasib qiymətləri ilə alıcıların marağını cəlb edir.
Lakin avtomobil mütəxəssisləri bu markaların bəzi texniki çatışmazlıqlarına da diqqət çəkirlər. Avtomobil eksperti Seymur Nağıyev bizimmedia-ya açıqlamasında bildirib ki, Çin avtomobillərinin əsas zəif tərəfləri mühərrik sistemi, sürətlər qutusu və material keyfiyyəti ilə bağlıdır:
“Unutmaq olmaz ki, bu avtomobillərin əksəriyyətində CVT və ya robotlaşdırılmış sürətlər qutusu quraşdırılıb. Buna görə bəzən ötürmələrdə gecikmə və ilişmə halları müşahidə olunur. Lakin ən çox qarşılaşılan problem yanacaq sistemindədir. Aşağı keyfiyyətli yanacaqdan istifadə olunduqda zəifliklər daha tez üzə çıxır. Bu səbəbdən yanacaq injektorları, porşenlər və klapanlar tez-tez sıradan çıxır və ən çox sifariş edilən ehtiyat hissələri sırasındadır”.
Məlumata görə, Rusiyada “Geely” markalı avtomobillərin bəzi modelləri – “Geely Monjaro”, “Geely Cityray” və “Geely Boyue Pro” (2025 buraxılış ili) – mühərriklərdə klapan və porşenlərin yanması səbəbilə geri çağırılıb. Oxşar problemlər bəzi “BYD” modellərində də qeydə alınıb, lakin həmin avtomobillərlə bağlı diaqnostik araşdırmalar hələ davam edir.