“Çinlə Rusiyanın yaxınlaşması yeni proses deyil, uzun müddətdir davam edir. Məhz bu əməkdaşlığın nəticəsidir ki, Rusiya bu gün Ukraynaya qarşı müharibəni davam etdirə bilir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov səsləndirib.
“Çin və Rusiyanın ortaq maraqları var. Hər ikisi üçün əsas rəqib ABŞ və Qərbdir. Ona görə də bir cəbhədən Qərbə qarşı çıxış etməyə səy göstərirlər”.
Ekspert bildirib ki, bu yaxınlaşmanın Cənubi Qafqaz və Azərbaycan üçün həm üstünlükləri, həm də riskləri mövcuddur:
“Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq mövcuddur. “Bir kəmər, bir yol” təşəbbüsündə ölkəmizə xüsusi rol ayrılıb. Bu səbəbdən Çin regionda Azərbaycanın sabit qalmasında maraqlıdır və Rusiya tərəfindən hər hansı təxribatlara razı olmayacaq.
Çin-Rusiya yaxınlaşması onların bəzi məsələlərdə ortaq mövqedən çıxış etməsinə gətirə bilər. Eyni zamanda Qərbin də bölgəyə diqqəti artıb. Bu isə Azərbaycanın qarşısında həm Qərb, həm də Rusiya-Çin blokundan müəyyən öhdəliklərin qoyulmasına səbəb olur”.
“Hazırkı durumda Azərbaycan həm Çin, həm Qərb, həm də Rusiyanın maraq dairəsindədir. Ona görə də hər kəs Azərbaycanla dostluq etməyə çalışacaq. Yaxın vaxtlarda ciddi təhlükə gözlənilmir, əksinə Çin-Rusiya yaxınlığı Moskvanın Azərbaycana qarşı sərt addımlarının qarşısını ala bilər”, – deyə Vəli Əlibəyov vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az