Çingiz Mustafayev “adam yeyir” və yaxud əsrimizin Siyavuşu – HƏFTƏNİN YEKUNUbackend

Çingiz Mustafayev "adam yeyir" və yaxud əsrimizin Siyavuşu - HƏFTƏNİN YEKUNU

Çatdı başa, dəydi daşa həftəmiz!

Çingiz Mustafayev adam yeyir

İTV-də keçirilən “Səs. Uşaqlar” vokal müsabiqəsinin “ustad”ı Çingiz Mustafayev yüngülsov atmacaları, davranışı ilə dəfələrlə (oxu: daim) fərqlənib. Sanki sinfin ərköyün şagirdini məktəb direktorunun kürsüsünə oturdublar. Onun azyaşlı oğlan və qızlarla şit ünsiyyəti bəzən sırtıqlığı ilə seçilir.

Uşaqbazlar, hətta vaynşteynlər görmüş adamları təəccübləndirmək çətindir. Odur ki, Çina daha qorxunc və qəddar üsula əl atdı. 10 yaşlı qız uşağına dedi ki, …onu yeyəcək. Bir dedi, sonra bir də. Niyyəti qətidir!

Uşaqlarınızı televizordan uzağa çəkin: hər cümə adamları çiy-çiy yeyən Çiygiz gəlir.

Navalnıya toy tutdular

Kişi üçün bir dəfə evlənmək – gərəklikdir, ikinci arvad – xoşbəxtlik, üçüncüsü – …bədbəxtlikdir.

Rusiyanın ən səmərəli müxalif siyasətçisi Aleksey Navalnı növbəti dəfə zəhərlən(diril)dikdən sonra Omskda arvadını onun yanına buraxmadılar. Dedilər ki, pasport yaramaz (Ay yaramaz pasport!), kəbin haqqında şəhadətnamə lazımdır.

Adamlar, elə ruslar da, dünyanı xarici pasportla gəzirlər, heç yerdə şəhadət naməsi tələb olunmur. Ölkə daxilində, Sibir şəhərində isə pasport birdən etibarsız elan edildi.

Nə isə… Keçdi iki gün, damardan zəhər çıxarıldı, oraya “qol” vuruldu. Pardon, alkoqol. Sonra Navalnını “evləndirdilər”. Ki, arvadı onun “qalığ”ını götürüb üzərində qələbənin 75 illiyi yenicə təmtəraqla qeyd edilmiş Almaniyaya aparsın. İkinci dəfə. Elə həmin arvadla.

Bədbəxtliyə baxın, ay kişilər!..

Əsrimizin Siyavuşu

Bizim əsrin əfəl quşu Siyavuşun əzabkeş çiyninə dövlət(çilik) quşu qonduğu vaxtdan 20 il keçir. Bu, hələ Milli Məclis deputatlığıdır. Ondan əvvəl, əsgərlikdən yenicə gələn savadsız, ixtisassız, qarmonsuz-sazsız (Heç hənanın yeridir?!) Novruzov 1990-cı ildən “Əlincə” (kiminçinsə) Xeyriyyə Cəmiyyətində şöbə rəisi, məsul katib işləyib. Pah!

Çiynindəki quş ağır olsa da, yumurtası qızıldan idi. Odur ki, Siya dözür və …kef edirdi. Son kef məclisi dədəsi Dünyamalıdan da strateji əhəmiyyətli saydığı Ramiz Mehdiyevin erməni (Babalı Ağamalının boynuna!) arvadının nəvəsinin toyu oldu.

Ötən illər ərzində Novruzovda artan şey varsa, o şey – məvacibidir. İndi isə birarvadlı bədbəxti qınayır, dolayır, yerdə sürüyürlər.

Siyavuşdan əl çək!

30 ildə ona 1 qram siyasi bilik, mərifət vermisən ki, indi bilik və mərifət gözləyirsən?!!

Lukaşenkonun ağzı

Prezident seçkisi ərəfəsində kim isə Lukaşenkonun ağzına …ilişdirdi. Xarab oldu işləri. Düşdü bütün dişləri. Saydı. 32-dir. Hamısı da atası Stalinin aşpazı olmuş Putinin keçmiş aşpazı Priqojinin “Vaqner” peşəkar hərbçi dəstəsinin qatil döyüşçüləri!

Lukaşenko ağıllı kişidir. Azı, Siyavuş Novruzovdan! Həmən anladı ki, təxribatı ruslar təşkil ediblər. Çaxnaşma salmaqdan ötrü. Odur ki, beyninin Məntiq” düyməciyini basdı: özünü – prezident, hərbçiləri – …amerikalı elan etdi. Və qaytardı …Rusiyaya. 32 “diş”in hamısını. Bütün ağız tutumunu.

İndi hamı bilir ki, Lukaşenkonun ağzı Putinin ixtiyarındadır.

Makronun 2 sifəti

Qanlı Dağlıq Qarabağ münaqişəsinin həllinə, əlavə 7 rayonumuzun işğalına gəldikdə Fransa Prezidenti Emmanuel Makron hiddətdən köpüklənən ağzı ilə həmişə deyib ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Halbuki, hazırkı vəziyyət məhz erməni və rus hərbi müdaxiləsinin nəticəsində yaranıb.

Türkiyə dənizdə qaz yatağı axtarışına müharibəsiz yollandı. Makron partladı:

– Bu məsələnin həlli iki yoldan keçir: hərbi və diplomatik.

Və Türkiyəni hərbi gəmiləri ilə hədələdi.

Yəqin xəbəri yoxdur ki, Siyavuş Novruzovun arvadı ombudsmandır (+400 manat cərimə).

(Öz aramızdır, o toy heç ombudsmanın yeri idi?!)

Şoyqunun iti azıb

Putinlə gizli ova gedərkən apardığı itlərdən biri.

Yaxud Suriya əhalisinin üstünə qısqırtdı itlərdən biri.

Yoxsa müxtəlif ölkələrdə gizli hərbi əməliyyatlar aparan peşəkar döyüş quldurlarından biri. Bəlkə ikisi? Bəlkə də dəstəsi…

Hər halda sabah …Bakıya gəlir.

A.ƏZİZ

  • Şoyqunun iti azıb.
    Avqust 25, 2020 - 11:20

    Şoyqunun nə olduğunu anlamadım?

Şoyqunun iti azıb. üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*