Havanın tozlu, çirkli və qeyri-sabit keçməsi insan sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə atmosferdə zərərli hissəciklərin, sənaye tullantılarının və ağır metalların normadan artıq olması tənəffüs sistemi xəstəliklərinin yaranması riskini artırır.
Bəs belə hava şəraiti xərçəng hüceyrələrinin yaranmasına və inkişafına təsir göstərə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, havanın çirklənməsi onkoloji xəstəliklərin yaranmasına təsir edən mühüm risk faktorlarından biridir.

Onun sözlərinə görə, xüsusilə havada zərərli hissəciklərin yüksək konsentrasiyası tənəffüs sistemi, o cümlədən ağciyər xərçəngi baxımından ciddi narahatlıq doğurur:
“Bilirik ki, Bakı, Hindistan və İran kimi bəzi ərazilərdə havanın tərkibində toz və zərərli hissəciklərin miqdarı normadan yüksəkdir. Bu baxımdan əsas risk tənəffüs yolları xərçəngi, xüsusilə də ağciyər xərçəngi ilə bağlıdır.
Tozlu və çirkli havada insan orqanizmi üçün zərərli maddələrin miqdarı artır. Bəzi ölkələrdə zavod və fabriklərin fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı qərarların qəbul edilməsinin səbəblərindən biri də məhz budur. Çünki sənaye müəssisələrindən atmosferə atılan tullantıların tərkibində müxtəlif zərərli maddələrin və ağır metalların yüksək miqdarda olması ağciyər xərçənginin yaranması baxımından ciddi risk faktoru hesab olunur”.
Həkimin sözlərinə görə, havanın çirklənməsi xüsusilə uzun müddət belə mühitdə yaşayan və tənəffüs sistemi həssas olan insanlar üçün daha böyük risk yaradır.
Aynurə İsmayıl
KONKRET.az
