Azərbaycanda daşınmaz əmlak bazarında maklerlərin fəaliyyəti ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. Xüsusilə eyni mənzilin bir neçə alıcıya satılması kimi halların qarşısının alınması məqsədilə maklerlik fəaliyyətinin ləğv edilərək bu xidmətlərin “ASAN xidmət” vasitəsilə həyata keçirilməsi təklif olunur.
Bəs maklerlik fəaliyyətinin ləğvi və bu sahənin dövlət nəzarətinə verilməsi daşınmaz əmlak bazarındakı problemləri həll edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, maklerlik peşəsinin ləğvi mümkün deyil.

“Maklerlik ləğv edilə bilməz. Bu, absurd söhbətdir. Daşınmaz əmlak xidmətləri inkişaf etmiş ölkələrdə kifayət qədər tələb olunan və nüfuzlu peşə hesab olunur.
Təəssüf ki, ölkəmizdə qanuna zidd fəaliyyət göstərən şəxslər var. Bunun əsas səbəblərindən biri rieltor fəaliyyəti ilə bağlı ayrıca qanunvericilik bazasının olmamasıdır. Assosiasiya rəhbəri kimi dəfələrlə bildirmişəm ki, bu sahədə yüksək səviyyədə fəaliyyət göstərən, kifayət qədər bilik və təcrübəyə malik şirkətlər var. İstehlakçıların da onların xidmətlərinə ciddi ehtiyacı mövcuddur”, – deyə ekspert vurğulayıb.
Elnur Azadovun sözlərinə görə, rieltor fəaliyyəti qanunla tənzimlənmədiyindən sahədə effektiv nəzarət mexanizmi də formalaşmayıb.
“Qanun olmadığına görə rieltor fəaliyyəti ölkəmizdə lazımi səviyyədə tənzimlənmir. Tənzimləmə olmadıqda isə effektiv nəzarət mexanizmi də yaranmır. Nəticədə xoşagəlməz hallar baş verir. Belə şəxslərə rieltor demək düzgün deyil. Onlar sadəcə işbazlardır və qanuna zidd fəaliyyət göstərirlər”, – deyə Elnur Azadov qeyd edib.
Ekspert bir mənzilin bir neçə şəxsə satılması hallarına da münasibət bildirib. Onun sözlərinə görə, belə hallarda bütün məsuliyyəti avtomatik olaraq rieltorun üzərinə qoymaq düzgün yanaşma deyil.
“Bir evin beş nəfərə satılması halında, əgər belə bir hadisə baş verirsə, rieltor çox vaxt bundan xəbərsiz olur. Bir mənzili beş nəfərə satan tərəf birbaşa rieltor olmur. Belə hallarda bunu həyata keçirən tərəf, bir çox hallarda, tikinti şirkəti olur. Bununla belə, bu cür halların sayı artıq azalıb”, – deyə ekspert bildirib.
Elnur Azadov hesab edir ki, problemin həlli maklerlik fəaliyyətinin ləğvində deyil, bu peşənin hüquqi əsaslarının yaradılmasındadır.
“Ona görə də rieltor peşəsini ləğv etmək mümkün deyil. Dünyada bu peşəyə yüksək dəyər verən ölkələr çoxdur. ABŞ, Böyük Britaniya və Avropa ölkələrində rieltorluq kifayət qədər inkişaf edib. Dubayda isə rieltorun iştirakı olmadan daşınmaz əmlakla bağlı bir sıra alqı-satqı proseslərinin həyata keçirilməsi mümkün deyil. Bu sahə orada yüksək səviyyədə inkişaf edib”, – deyə o əlavə edib.
Ekspertin fikrincə, Azərbaycanda da rieltor fəaliyyətinin tamamilə ləğvi əvəzinə, bu sahəni tənzimləyən qanunvericilik bazası hazırlanmalı, peşəkarlarla qanunsuz fəaliyyət göstərən şəxslər arasında hüquqi fərq müəyyənləşdirilməli və effektiv nəzarət mexanizmi yaradılmalıdır.
Beləliklə, daşınmaz əmlak bazarında problemlərin aradan qaldırılması üçün əsas məsələ maklerlik institutunun ləğvi deyil, rieltor fəaliyyətinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi, peşəkarların sertifikatlaşdırılması, onların məsuliyyətinin dəqiq müəyyən edilməsi və dövlət nəzarətinin gücləndirilməsi ola bilər.
Aynurə İsmayıl
KONKRET.az
