Rusiyanın Vladimir vilayətinin Krasnıy Kust kəndi yaxınlığında 54 yaşlı yerli sakin bədənində zorakılıq əlamətləri aşkar edilmiş halda ölü tapılıb.
KONKRET.az bildirir ki, rusiyalı jurnalistlərin hüquq-mühafizə orqanlarındakı mənbələrinin xəbərinə görə, rusiyalı hərbçi qətldə şübhəli bilinərək saxlanılıb.
Qatilin adı açıqlanmır. Zərərçəkənin yaxınları bildiriblər ki, əsgər mayın 18-dən 19-na keçən gecə evə qayıdarkən ona hücum edib. Onların dediyinə görə, o, qadını zorlayıb, döyüb və kimsəsiz yerə apararaq meşədə basdırıb. Yarılma zamanı mərhumun ağciyərlərində torpaq aşkar edilib. Bu, onu göstərir ki, qatil onu diri-diri basdırıb.
Mənbələr saxlanılan şəxsin 22 yaşında olduğunu açıqlayıb. O, Krasnıy Kust kəndinin sakinidir. O, hazırda Ukraynaya qarşı müharibədə iştirak edir, məzuniyyətə vətənə qayıdarkən bu hadisəni törədib. Nəşrin məlumatına görə, saxlanılan şəxs əvvəllər azyaşlıya qarşı zorakılıq da edib.
Xatırladaq ki, Ukraynaya hücumun başlanmasından keçən üç il ərzində cəbhədən qayıdan rus əsgərləri 750-dən çox rusu öldürüb və şikəst ediblər. Ən azı 378 nəfər həlak olub, daha 376 nəfər isə həyati təhlükəsi olan ağır xəsarətlər alıblar.
Müşviq Tofiqoğlu
KONKRET.az