Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda təhsil müddətinin artırılması ilə bağlı iddialar geniş müzakirə olunur. Bu xəbərlər valideynlər, şagirdlər və müəllimlər arasında suallar yaradıb.
Bəs, həqiqətənmi gələn ildən etibarən dərs ilinin uzadılması nəzərdə tutulur?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırda təhsil müddətinin artırılması ilə bağlı rəsmi qərar və ya mövqe yoxdur.

Ekspertin sözlərinə görə, təhsil müddətinin uzadılması məqsədəuyğun hesab edilmir:
“Hesab edirəm ki, təhsil müddətinin artırılması doğru yanaşma deyil. Əksinə, təhsil müddətinin daha səmərəli təşkil edilməsinin tərəfdarıyıq. Hazırda dərslər 15 sentyabrda başlayır və iyunun 14-də başa çatır. Mən təklif edirəm ki, tədris ili 1 sentyabrda başlasın, 31 mayda başa çatsın. Bu daha məqsədəuyğun olardı.
Təhsil müddətinin artırılması yay aylarına təsadüf edərsə, bu, şagirdlərin həm psixologiyasına mənfi təsir göstərə, həm də onların yay tətilinin qısalmasına səbəb ola bilər.”
Ekspert qeyd edib ki, hazırda bu istiqamətdə yalnız müxtəlif fikirlər səsləndirilir və məsələ ilə bağlı hər hansı rəsmi qərar qəbul edilməyib.
O, beynəlxalq təcrübəyə də toxunaraq bildirib ki, əksər ölkələrdə tədris ili may ayının sonlarında başa çatır, bəzi dövlətlərdə isə iyun ayında yekunlaşır.
Beləliklə, hazırkı vəziyyətdə gələn ildən etibarən təhsil müddətinin artırılması ilə bağlı rəsmi qərar mövcud deyil və bu istiqamətdə yayılan məlumatlar təsdiqini tapmayıb.
Aynurə İsmayıl
KONKRET.az
