Təhsildə dünyəvilik prinsipinin qorunması və gənc nəslin müasir, elmi dünyagörüşü əsasında yetişdirilməsi cəmiyyət üçün mühüm məsələlərdəndir. Bu baxımdan, təhsil müəssisələrində dünyəvi dəyərlərin təşviqi və maarifçilik ənənələrinin yaşadılması aktual müzakirə mövzusu olaraq qalır.
Bəs dünyəvi təhsil prinsiplərinin qorunması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri, yazıçı-publisist Rəşad Məcid KONKRET.az-a açıqlamasın da bildirib ki, orta məktəblərdə vahid geyim qaydalarına qarşı bu qədər geniş etirazın olması müəyyən suallar doğurur.
“Dünyəvi təhsilə, sekulyar dövlətə qarşı xarici qüvvələr tərəfindən idarə olunan təhdidin əlamətləri açıq görünür”, – deyə Rəşad Məcid vurğulayıb.
Onun sözlərinə görə, səmimi hicab tərəfdarlarının müxtəlif arqumentlər irəli sürməsi mümkündür. Lakin yazıçı-publisist hesab edir ki, orta məktəblərdə vahid geyim qaydalarına qarşı çıxmaq dünyəvi dövlət prinsiplərinə münasibət kontekstində dəyərləndirilməlidir.
“Amma bir şey aydındır: Sən orta məktəblərdə hicab tərəfdarısansa, vahid məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan! Bu, birmənalıdır!” – deyə o, qeyd edib.
Rəşad Məcid Azərbaycanın maarifpərvər ziyalılarının cəhalətə və xurafata qarşı mübarizəsini xatırladaraq, dinin hakim olduğu ölkələrdə yaşananların da nəzərə alınmasının vacibliyini vurğulayıb.
O, din pərdəsi altında öz iradə və iddialarını cəmiyyətə qəbul etdirməyə çalışan qrupların fəaliyyətinin gələcək üçün təhlükə yarada biləcəyini də diqqətə çatdırıb.
Mətbuat Şurasının sədri dünyəvi dövlət tərəfdarlarını, aydın düşüncəli insanları və ziyalıları daha fəal olmağa, müzakirələrə qoşulmağa, sabah naminə qəti mövqe və əsaslandırılmış münasibət bildirməyə çağırıb.
Natiq Səlim
KONKRET.az
