Dinozavrlar əsrlər boyu insanların marağında olmuş, onların ölçüsü, müxtəlifliyi və s. barədə iddialar səsləndirmişdilər. Sözügedən canlının adı çəkildikdə göz qabağına nəhəng varlıq gəlir. Lakin az bilinən həqiqətlərdən biri də odur ki, dinozavrların hamısı böyük olmayıb.
Mikroraptor növü bir quş ölçüsündə olub, uzunluğu təxminən 1 metr. Sözügedən növün uçma bacarığı olduğu da iddia olunur. Mütəxəssislərin qeydlərinə görə, bəzi quşlar daxili orqanlarının quruluşuna görə, dinozavrların davamçıları sayılırlar. Həmçinin vurğulanır ki, onlar düşünüldüyü kimi, vəhşi deyildilər. Bəlli növlər var ki, istiqanlılığı ilə seçilib.
İddia edilir ki, Hadrosaur növündən olan canlılar tək yox, qruplar halında gəzərmiş. Aparılan araşdırmalara görə, onlar sürü halında yuvalarda öz balalarını qoruyublar. Stegosaurus özünəməxsus dəri piltələri və sivri uclu quyruqları ilə seçilib, bundan silah kimi istifadə olunurmuş. Ankylosaurus isə dərisinin möhkəmliyi ilə yadda qalıb.
Bəzi alimlər dinozavrların 700-dək, bəziləri isə 100-dən çox növünün olduğunu qeyd edir. Onların ot yeyən və ət yeyənlərdən ibarət olduğu bildirilir. Aparılan araşdırmalar onu göstərir ki, sözügedən varlıqlar bütün qitələrdə mövcud olub. Onlar hər iqlim və mühitə uyğunlaşa bilib. Son tətqiqatlardan sonra məlum olub ki, bəzi növlər rəngliliyi ilə diqqət çəkib.
Bir çox araşdırmaçıların fikrincə, dinozavrlar 165 milyon il mövcud olublar. Nəsillərinin kəsilmə səbəbləri isə mübahisəlidir. Ən çox qeyd olunan məqam isə odur ki, təxminən 66 milyon il əvvəl baş vermiş asteroid “yağışı” nəticəsində onların məhv olmasıdır. Lakin bəzi alimlər qeyd edirlər ki, onların nəslinin kəsilməsinə əsas səbəb iqlim dəyişikliyi və vulkanlar olub.
Bir sözlə, insan var olduqca dinozavrlar daim maraq dairəsində olacaq və əsas araşdırma mövzuları siyahısında ön pillələrdə öz yerini qoruyacaq.
Məlik,
KONKRET.az