Böyük Britaniyada qəbul edilən yeni yanaşmaya əsasən, 2009-cu ilin 1 yanvar tarixindən sonra doğulan şəxslərə siqaret satışının ömürlük qadağan edilməsi nəzərdə tutulur. Qlobal miqyasda tütünlə mübarizədə innovativ addım kimi qiymətləndirilən bu model cəmiyyətlərdə geniş müzakirələrə səbəb olub.
Maraqlıdır, analoji yanaşma Azərbaycanda da tətbiq edilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, Böyük Britaniyada qəbul edilən bu qərarın əsas məqsədi gələcək nəsillərin siqaretə başlamasının qarşısını almaq və uzunmüddətli perspektivdə ictimai sağlamlığı qorumaqdır.

Onun sözlərinə görə, bu modelin effektivliyi məhz sistemli və uzunmüddətli yanaşmasında özünü göstərir:
“Siqaret istifadəsi əsasən gənc yaşlarda formalaşır. Bu baxımdan, erkən mərhələdə tətbiq edilən belə qadağalar yeni nəsil arasında tütünə marağın əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər. Nəticədə səhiyyə xərcləri azalır, əmək qabiliyyətli əhalinin sağlamlığı yaxşılaşır və ümumi sosial rifah yüksəlir”.
Bununla yanaşı, ekspert belə sərt qadağaların tətbiqinin müəyyən çətinliklər də yarada biləcəyini qeyd edib.
“Qanunun icra mexanizmləri düzgün qurulmadığı halda qeyri-rəsmi satış kanallarının genişlənməsi riski artır. Eyni zamanda, müxtəlif yaş qruplarına fərqli hüquqların tətbiqi cəmiyyətdə müzakirələrə və narazılıqlara səbəb ola bilər.
Azərbaycanda bu kimi uzunmüddətli qadağalara keçid mərhələli şəkildə həyata keçirilməlidir.
İlk növbədə tütün məhsullarının istifadəsinə nəzarət gücləndirilməli, aksiz siyasəti sərtləşdirilməli, ictimai yerlərdə qadağaların icrası təmin olunmalı və maarifləndirmə tədbirləri genişləndirilməlidir. Bu addımlar effektiv nəticə verdikdən sonra gələcəkdə ‘tüstüsüz nəsil’ modelinə keçid daha real və dayanıqlı olar”.
Ekspertin fikrincə, Böyük Britaniya modeli tütünlə mübarizədə yeni mərhələni təmsil edir və digər ölkələr üçün də nümunə hesab oluna bilər. Lakin belə bir yanaşmanın uğuru hər bir ölkənin institusional imkanlarından və tətbiq mexanizmlərinin effektivliyindən birbaşa asılıdır.
Aynurə İsmayıl
KONKRET.az
