İnternetdə, mediada və ya kütləvi çıxışlar zamanı şəxsin şərəf və ləyaqətini alçaldan ifadələr işlətmək hüquqi məsuliyyət yaradır.
Bəs təhqirə görə qanunvericilikdə hansı cəzalar nəzərdə tutulur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Tural Həsənli bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir cinayət məsuliyyətinə səbəb olur.

Vəkilin sözlərinə görə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında şəxsin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması təhqir hesab olunur.
Tural Həsənli qeyd edib ki, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, bu əmələ görə 1000 manatdan 1500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Beləliklə, şəxsin şərəf və ləyaqətini alçaldan ifadələrin ictimai şəkildə yayılması müəyyən hallarda cinayət məsuliyyəti ilə nəticələnir. Konkret hüquqi qiymətləndirmə isə hadisənin hallarından və qanunvericiliyin tələblərindən asılıdır.
Aynurə İsmayıl
KONKRET.az
