Son 55 ildə ABŞ dolları 100 dəfədən çox ucuzlaşıb. Belə ki, II Dünya müharibəsindən sonra 1971-ci ilədək qızılın 1 troya unsiyasının (təxmini 31,1 qram) qiyməti 35 dollar idi, hazırda isə 3500 dolları ötüb. Özü də II Dünya müharibəsindən sonra ABŞ 35 dollar müqabilində 1 troya unsiyası çəkisində qızıl satmaq üzrə üzərinə öhdəlik götürmüşdü. Məhz bunun nəticəsində dollar bir nömrəli valyutaya çevrildi. Lakin 70-ci illərin əvvəlində ABŞ dünyanı “atdı” və topladığı qızılı həmin məzənnə ilə satmaqdan imtina etdi. Bundan sonra da ucuzlaşa-ucuzlaşa gedir.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov bildirib.
“Ümumiyyətlə, müasir qlobal maliyyə modeli sələmçilik üzərində qurulduğu üçün inflyasiya daimi xarakter daşıyır: pul həmişə dəyərdən düşür və bu, dövlətin bizə tətbiq etdiyi gizli vergidir. Bu da yekunda ona dəlalət edir ki, qızıldan fərqli olaraq, dollar heç də etibarlı investisiya aləti deyil. Düzdür, qızıldan da daha sərfəli investisiya aləti var – torpaq! Çünki dünyada miqdarı məhdud olan yeganə nemət torpaqdır. Məhz buna görə də xalqlar bir-biri ilə torpaq üstündə savaşır. Bununla belə, fərdi zənginlik baxımdan torpaq təhlükəsiz alət deyil. Çünki xalqlar savaşdığı kimi, fərdlər də ölkə daxilində torpaq uğrunda bir-biri ilə daim mübarizə aparır. Qiyamlar, çevrilişlər, inqilablar və s. nəticəsində, bir qayda olaraq, torpaq sahələri əldən ələ keçir. Odur ki, yığım üçün ən optimal nemət yenə də qızıldır. Əlbəttə, əlinizdən zorla almasalar. Dövlət və ya quldurlar…” – Ə.Həsənov qeyd edib.