Fərqinə varsanız, ABŞ-ın Venesuelaya hücumundan bəri bir çox çevrələr eyni sualı verir: “Çin niyə müdaxilə etmir?”
KONKRET.az xəbər verir ki, bu sualın ən sadə cavabı Çinin strateji bir oyun olan “Go” oyununu oynamasıdır. Hər xalqın öz müharibə strategiyası mövcuddur və Çin də istisna deyil.
Çində oynanan ən uzunömürlü oyunun adı “Weiqi”dir, Qərbdə isə bu, “Go” adı ilə tanınır.
Bu oyunun ən vacib xüsusiyyəti mühasirəyə alınan rəqibi hərəkətsiz qoyaraq təslim etməkdir.
Hər müharibə əslində insan qanının axıdıldığı bir strategiya oyunudur.
“Go” 19×19 xətlərin kəsişdiyi nöqtələrdə oynanan bir sahə oyunudur. Hər oyunçu 180 daşla oynayır və məqsəd rəqibi ən qısa zamanda məğlub etmək deyil, uzunmüddətli mühasirə strategiyası ilə onu oynaya bilməz hala salıb təslim almaqdır.
Məqsəd tək bir nöqtədə döyüşmək deyil, sahədə çoxsaylı güc mövqeləri yaradaraq düşməni tükəndirmək və onu minimum zərərlə təslim almaqdır.
Bu strategiya oyununda müharibə tək bir nöqtədə deyil, eyni anda bir çox sahədə aparılır — strategiya da məhz burada ön plana çıxır.
Məlum olduğu kimi, çinlilərin ən mühüm düşüncə nəzəriyyələrindən biri müharibə sənəti nəzəriyyəsidir.
Məşhur strateq Sun Tzu “Müharibə Sənəti” kitabında deyir:
“Əsas olan rəqibi güc tətbiq etmədən təslim almaqdır.”
Hazırda Çin Latın Amerikasında, Afrikada və Asiyada ABŞ imperiyasını artıq mühasirəyə almış vəziyyətdədir. Silahla deyil, iqtisadi sahədə boğur. Bunu çoxdan anlayan ABŞ rəhbərliyi indi enerji mənbələrinə hücum edərək Çini geri çəkilməyə məcbur etməyə çalışır. Təbii ki, bu, faydasız bir cəhddir, çünki artıq cin şüşədən çıxıb.
Çin tarixini araşdıran hər kəs (bu mövzuda ən böyük mütəxəssislərdən biri Henry Kissinger idi) Çinin artıq cilovlana bilməyəcəyini görür.
Son bir ayda Çini ziyarət edib onun dəstəyini diləyən Qərb liderlərinə baxın: Finlandiya, Kanada, Böyük Britaniya, Fransa, Almaniya…
Çini ABŞ-la müharibəyə girmədiyi üçün qınayanlara baxın — əslində onların hamısı Çinə düşmən olan hiyləgər Qərbçilərdir.
Mao Zedong 1927–1949-cu illər arasında bu müharibə strategiyasını öz ifadəsi ilə desək, “uzunmüddətli xalq müharibəsini” elə ağıllı şəkildə tətbiq etmişdi ki, nə Yaponiya, nə Amerikanın kuklası Çan Kai-Şek, nə də ABŞ onun qarşısında dayana bilmişdi. Odur ki, Qərb imperializminin axıtdığı qan içində boğulacağı günlər yaxındır.
Tərcümə etdi: Natiq Səlim
KONKRET.az
