Avstraliyada fermerlər qlobal istiləşməyə qarşı mübarizə aparmaq üçün inək yeminə Asparagopsis cinsinə aid qırmızı yosunlar əlavə edirlər.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, yosunun tərkibindəki maddələr inəyin mədəsində kimyəvi reaksiyaya girərək onun ayırdığı metanın miqdarını azaldır. Metan isə iqlim dəyişikliyinin əsas günahkarlarından biri sayılan istixana qazıdır.
Qırmızı yosun əsasında iri buynuzlu mal-qara üçün yem əlavələri istehsal edən Seaforest şirkətini Avstraliyanın Tasmaniya adasında yerli iş adamı Sem Elsom təsis edib. Layihəyə elmi dəstəyi Tasmaniya Universiteti göstərir.
Avstraliya hökumətinə iqlim dəyişikliyi məsələlərində məsləhətlər vermiş alim Tim Flanneri bildirir ki, bu problemlə mübarizədə effektiv vasitə ət istehlakının azaldılması ola bilər. “Lakin biz iri buynuzlu mal-qara yetişdirdiyimiz müddətcə onun ayırdığı metanın miqdarını azaltmalıyıq”, – deyə ekspert vurğulayır.
Heyvandarlığın payına dünyada insan fəaliyyəti nəticəsində atmosferə buraxılan metan emissiyasının təxminən dörddə biri düşür. Bu isə sivilizasiyanın atmosferə buraxdığı istixana qazlarının ümumi həcminin təxminən 4-5%-ni təşkil edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
