Dünyada geosiyasi gərginliyin artması, böyük dövlətlər arasında rəqabətin kəskinləşməsi və hərbi xərclərin rekord həddə çatması qlobal təhlükəsizliklə bağlı narahatlıqları artırır. ABŞ, Çin, Rusiya və digər dövlətlərin hərbi potensialını gücləndirməsi, nüvə silahlarının modernləşdirilməsi və yeni nəsil silahların hazırlanması beynəlxalq münasibətlərdə qüvvələr balansına təsir göstərir. Bütün bunlar dünyanı daha böyük müharibə təhlükəsi ilə üz-üzə qoya bilərmi? Qlobal silahlanma yarışı yeni dünya müharibəsinə zəmin hazırlayır, yoxsa mümkün qarşıdurmaların qarşısını alan çəkindirmə vasitəsi rolunu oynayır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Aydın Tağıyev bildirib ki, silahlanma yarışının intensivləşməsi dövlətlər arasında güvən böhranını dərinləşdirir:
![]()
“Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün daha çox silahlanır, bu isə qarşılıqlı şübhələri artırır.
Bu hal regional münaiqşələri dərinləşdirə bilər. Silahlanma yalnız qlobal güclər arasında deyil, regional aktorlar arasında da balansı dəyişir. Bu, lokal münaqişələrin sürətlə genişlənməsinə səbəb ola bilər.
Həmçinin nüvə təhlükəsini də artırması mümkündür. Çünki belə olan halda nüvə silahlarının modernləşdirilməsi və yayılması riskləri artır. Kiçik insident belə böyük müharibəyə çevrilir. Fikrimcə bu, həm də əlvə iqtisadi yükdü. Silahlanmaya ayrılan böyük büdcələr sosial və iqtisadi inkişafı məhdudlaşdırır, bu da daxili siyasi sabitliyi zəiflədir. Qeyd edim ki, silahlanma yarışının sürətlənməsi dünyanı daha böyük müharibə təhlükəsi ilə üz-üzə qoya bilər, çünki güvən böhranı, regional balansın pozulması və nüvə riskləri birləşərək beynəlxalq sistemin dayanıqlığını zəiflədir. Bu səbəbdən, qlobal təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və diplomatik dialoqun intensivləşdirilməsi mütləqdir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
