Rusiyanın Krasnodar diyarı, Stavropol, Voronej və digər bölgələrdə sərt karantin otu olan ambroziyanın çiçəkləməsi əhali üçün əsl kabusa çevrilib.
KONKRET.az xəbər verir ki, “SHOT” kanalının məlumatına görə, avqust ayının əvvəlindən etibarən yerli sakinlər və turistlər qəfil boğulma tutmalarından, güclü öskürəkdən və tənəffüs yollarının şişməsindən əziyyət çəkirlər. Hətta həyatında heç vaxt allergiyadan əziyyət çəkməyənlər də ağciyər spazmlarından şikayətlənirlər, dərmanlar isə az kömək edir. Anapskaya kəndindən olan 30 yaşlı Valentinanın sözlərinə görə, onun gözləri güclü şişib və heç bir antihistamin preparat kömək etmir.
Görünüşünə görə yovşana bənzəyən ambroziyanın tərkibindəki xüsusi zülallar və turşular güclü iltihab yaradır, bitkinin tozcuqları isə hava vasitəsilə sürətlə çox uzaq məsafələrə yayılır.
Krasnodar diyarı ilə yanaşı, Stavropol, Voronej, Belqorod, Rostov, Volqoqrad və Samara vilayətləri də təhlükə zonasındadır.
Mütəxəssislər bunun bütünlüklə Rusiyaya və daha sonra digər region ölkələrinə yayılacağı ilə bağlı xəbərdarlıqlar ediblər.

Müşviq Tofiqoğlu,
KONKRET.az
